20 Yanvar: nəsillər dəyişir, ehtiram isə tükənmir
- 20 yanvar, 2023
- 15:19
"Hər il 20 yanvar günündə şəhidlərin ruhu qarşısında ehtiramımı bildirmək üçün Şəhidlər Xiyabanında olarkən belə bir sual barədə düşünürəm: nədən bu qədər illər keçib, nəsillər dəyişib, ancaq xalqın şəhidlər qarşısında borcunu yerinə yetirmək, onların ruhu önündə baş əymək üçün soyuqda, şaxtada, yağışda bu müqəddəs məkana gəlmək istəyi azalmır, zəifləmir?".
Bu barədə "Report"a Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.
"Özü də tək yanvarın 20-də deyil. Günlər öncə insanlarımızın Şəhidlər Xiyabanına axını başlayır. Bizim nəslin hər bir nümayəndəsi təsdiqləyər: valideynlərimiz bizi uşaq vaxtlarından mütləq halda yanvarın 20-də Şəhidlər Xiyabanına aparıb. Bu, anlaşılan idi, onlar həmin faciəni, o dəhşətli günləri, tarixi öz gözləri ilə görmüşdülər və bu məlumatı instinktiv olaraq bizə, yeni nəslin nümayəndələrinə ötürmək istəyirdilər. Bizim də belə faciələri yaşaya bilməyimizdən qorxur, ehtiyat edirdilər, 20 Yanvar terrorunun dəhşətlərini, hüznü, ümumxalq səviyyəsində dünyagörüşümüzü necə alt-üst etdiyinin miqyasını yaddaşımıza hopdurmaq istəyirdilər. İndi biz özümüz valideynik və ata-analarımızın etdiklərini biz də təkrarlayırıq. Fikir verin, hələ yanvarın 18-19-dan yüzlərlə, minlərlə gənc valideyn uşaqları ilə bəlkə də biraz tələsik təəssürat yaradan şəkildə Şəhidlər Xiyabanını ziyarət edirlər. Ola bilsin işdən icazə alıblar, yaxud təcili evə çatmalıdırlar. Yəqin yanvarın 20-də gələ bilməyəcəklər deyə sayğılarını bir gün qabaq bildirirlər. Öz övladları ilə. Tariximizin onların da yaddaşında möhkəmlənməsi amalı ilə...", - deputat qeyd edib.
E.Allahverdiyev daha sonra deyib: "Bizi o vaxtlar Şəhidlər Xiyabanına həmin günləri görmüş böyüklərimiz aparırdı. Çünki bir daha xalqımızın belə faciələr yaşamamasını arzulayırdılar. Bu gün övladlarımızı bu müqəddəs məkana biz aparırıq. Çünki Vətən, azadlıq, müstəqillik, milli dövlətçilik uğrunda canlarını qurban vermiş şəhidlərimizin arzu, təsəvvür etdikləri Azərbaycanda biz yaşayırıq. Qarabağda Zəfəri biz görmüşük, torpaqlarımızın qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər azad edildiyi günləri göz yaşları ilə biz yaşamışıq. Müstəqil, dünyada tanınan, bölgəsində söz sahibi olan, düşmənini qorxu içində saxlayan Silahlı Qüvvələrə malik Azərbaycanın vətəndaşları bizik. Şəhidlərimizin amalı Azərbaycanın bu gününə nail olmaq idi. Mübarizəniz çin oldu, şəhidlər. Allah sizə rəhmət eləsin!".