Polad Bülbüloğlu: “Ermənistan KTMT-ya üzv dövlətləri münaqişəyə cəlb etmək istəyir”

Polad Bülbüloğlu: “Ermənistan KTMT-ya üzv dövlətləri münaqişəyə cəlb etmək istəyir” Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qazaxıstan Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Yermek Koşerbayevi onun xahişi ilə qəbul edib.
Dağlıq Qarabağ münaqişəsi
767
24 İyul , 2020 02:20
Polad Bülbüloğlu: “Ermənistan KTMT-ya üzv dövlətləri münaqişəyə cəlb etmək istəyir”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qazaxıstan Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Yermek Koşerbayevi onun xahişi ilə qəbul edib.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycan Respublikasının Rusiyadakı səfirliyindən məlumat verilib.

Həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın səfiri, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində həyata keçirdiyi fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verib.

Həmçinin görüş əsnasında hər iki səfir ölkələrimiz arasında mövcud olan iqtisadi, ticari, humanitar münasibətlərin yüksək səviyyəsini və möhkəm dostluq əlaqələrini qeyd ediblər. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın böyük potensiala malik olduğu və bu sahədə fəaliyyətin uğurla inkişaf etdiyi vurğulanıb.

 İki dövlət arasında dostluq münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci prezidenti – Yelbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu xüsusi ilə qeyd olunub. Eyni zamanda Azərbaycan və Qazaxıstanın türk dünyasının ayrılmaz hissəsi olduqları, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində birgə fəaliyyətdən məmnunluq vurğulanıb.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu və son günlər Ermənistan-Azərbaycan sərhədində baş vermiş məlum silahlı toqquşma barədə ətraflı məlumat verib.

O bildirib ki, bu addım Ermənistanın açıq təxribatıdır və onu törətməkdə əsas məqsəd KTMT-ə üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək, regionda yeni gərginlik ocağı yaratmaqdır.

Səfir bir daha əminliyini bildirdi ki, qazax əsgəri heç vaxt azərbaycanlı qardaşına silah qaldırmaz. Baş vermiş toqquşma bir daha onu göstərib ki, mövcud status-kvo qəbuledilməzdir və münaqişə ən qısa zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Əks halda yeni qarşıdurmalar qaçılmazdır ki, bu da region üçün təhlükəli və arzuedilməzdir. Eyni zamanda Polad Bülbüloğlu dünya birliyini işğal faktına biganə qalmamağa çağırmış və məsələnin vacibliyini önə çəkib.

Bu xüsusda, Azərbaycanın səfiri ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı Qazaxıstanın göstərdiyi birmənalı mövqeyinə görə minnətdarlığını bildirib.

 Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Orphus sistemi