Ermənistan yeniyetmələri müharibəyə cəlb etməklə beynəlxalq qanunları pozur - RƏY

Ermənistan yeniyetmələri müharibəyə cəlb etməklə beynəlxalq qanunları pozur - RƏY Xəbər verdiyimiz kimi, Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkənin orta yaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib. İşğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şək
Qarabağ
25 Oktyabr , 2020 11:47
Ermənistan yeniyetmələri müharibəyə cəlb etməklə beynəlxalq qanunları pozur - RƏY

Xəbər verdiyimiz kimi, Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkənin orta yaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib. İşğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə elə ermənilərin özləri tərəfindən yayılıb. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmədən istifadə etdiyi əks olunur. Həmçinin yeniyetmə qızların da döyüşlərə cəlb edilməsi ilə bağlı görüntülər yer alıb. Belə ki, orduda şəxsi heyət çatışmazlığından əziyyət çəkən erməni hərbçilər bu dəfə silahı qız uşaqlarının əlinə veriblər. Bütün bunlar onu göstərir ki, ermənilər Azərbaycan Ordusuna qarşı döyüşlərdə yeniyetmələrdən də istifadə edirlər. Bununla da döyüş meydanında heç bir qanun tanımayan düşmənin çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNİCEF-in Paris konvensiyasının uşaq hüquqları ilə bağlı konvensiya və normalarını pozması sübuta yetirilir.

Hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov “Report”a açıqlamasında bildirib ki, Ermənistan hökuməti 1992-ci ildə “Uşaq hüquqları haqqında” Konvensiyanı, 2005-ci ildə isə “Uşaq hüquqları haqqında Konvensiyaya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar” Fakultativ Protokolu ratifikasiya edib:

“Buna baxmayaraq, Ermənistan hökuməti mütəmadi olaraq, humanitar və beynəlxalq hüquq normalarını pozaraq insanlığa qarşı müharibə cinayətləri törədir. Bu günlərdə Ermənistan mediasında və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxslərin Ermənistan ordusuna “könüllü” kimi çağırılması və iştirakı haqqında qərarlar və faktlar yayılıb. Qeyd edim ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı uşaqlar barəsində tətbiq edilə biləcək və uşaqlara aid olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə əsasən, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara birbaşa cəlb edilməməsi öhdəlik kimi qeyd edilib. Göründüyü kimi, Ermənistan hökuməti məqsədli şəkildə qoşulduğu konvensiyalara qarşı zidd əməllər həyata keçirir”.

Elgün Səfərov
Elgün Səfərov

Ekspert bildirib ki, “Uşaq hüquqları haqqında Konvensiyaya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar” Fakultativ Protokolun 1-ci maddəsinə əsasən, dövlətlər onların silahlı qüvvələrinin 18 yaş həddinə çatmamış hərbi qulluqçularının birbaşa hərbi əməliyyatlarda iştirak etməməsini təmin etmək üçün bütün mümkün tədbirləri görməlidir: “Eyni zamanda, həmin protokola əsasən, dövlətlər 18 yaş həddinə çatmamış şəxslərin onların silahlı qüvvələrinə çağırışa cəlb edilməməsini təmin etməlidirlər. Hazırda Ermənistan mətbuatında işıqlandırılan faktlar isə bunun əksini təsdiq edir. Ermənistan yetkinlik yaşına çatmayan şəxsləri məcburi şəkildə hərbi münaqişəyə cəlb edərək nəinki uşaqların təhsil, inkişaf və digər hüquqlarını pozur, ümumiyyətlə, onları ölümə göndərir. Həmçinin beynəlxalq sənədlərə əsasən ölkənin silahlı qüvvələrindən fərqli olan digər silahlı qruplar heç bir halda 18 yaş həddinə çatmamış şəxsləri hərbi əməliyyatlara cəlb etməməli və ya istifadə etməməlidirlər. Bu, bir beynəlxalq aksiomadır. Ermənistan silahlı qüvvələrindən kənar ayrıca kriminal qrupların Dağlıq Qarabağa cəlb edilməsi faktı da Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Hüquq üzrə fəlsəfə doktoru vurğulayıb ki, yuxarıda qeyd edilən protokolun 6-cı maddəsinə əsasən, hər bir iştirakçı-dövlət bu Protokolun müddəalarının səmərəli şəkildə həyata keçirilməsi və tətbiq olunmasının təmini üçün öz yurisdiksiyası çərçivəsində bütün zəruri hüquqi, inzibati və digər tədbirləri görür:

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 qətnamələrinə əsasən, erməni silahlı qüvvələri tərəfindən boşaldılması qərarı verilmişdir. Bu günlərdə isə bizim şanlı ordumuz bu qərarları özü icra edir. Həmin ərazilər hüquqi çərçivədə Azərbaycan Respublikasının yurisdiksiyasına aiddir. Deməli, həmin ərazilərdə yaşayan insanlar da Azərbaycan Respublikasının yurisdiksiyasına daxildir. Beləliklə, Ermənistan hökumətinin nümayəndələri Dağlıq Qarabağ ərazisində yaşayan yetkinlik yaşına çatmayan şəxsləri ordu sıralarına məcburi salaraq Beynəlxalq Cinayət Məhkəməsinin Statutusuna əsasən məsuliyyətə cəlb edilməlidirlər. Bu məsələdə beynəlxalq məhkəmədə iddianı qaldıraraq hüquqi yurisdiksiyaya uyğun ədalətli qərarın verilməsi məqsədilə ehtiyacı olan faktlar və dəlillər var. Qeyd edim ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda 15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, yaxud onların beynəlxalq və eləcə də beynəlxalq olmayan münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin müharibə cinayəti qismində təsnif olunması müəyyən edilmişdir”.

E.Səfərov xatırladıb ki, ümumiyyətlə, uşaqların hərbi münaqişələrə cəlb edilməsi yolverilməzdir və bu faktlarla bağlı BMT-nin Uşaq Fondunun hüquqi rəy verməsi vacibdir: “Ermənistan hökumətinin BMT-nin Uşaq Fonduna növbəti hesabatının təqdim edilməsi zamanı bu məsələ öz əksini tapmalıdır. Qeyd edilən faktlar Beynəlxalq Cinayət Məhkəməsinin (Roma) Statutunu və dörd Cenevrə Konvensiyasının müəyyən etdiyi normaları kobud şəkildə pozur. Ermənistan hökumətinin rəhbəri və üzvləri tərəfindən insanlığa zidd olan müharibə cinayətlərini özündə əks etdirən qərarlara konvension normalara uyğun olaraq hüquqi qiymət verilməli və məsuliyyət müəyyənləşdirilməlidir”.

Son xəbərlər

Orphus sistemi