Yaponiya həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tullantı sektorundan metan emissiyalarının azaldılması səylərini gücləndirməyə qərarlıdır.
"Report" xəbər verir ki, bunu Yaponiyanın ətraf mühit üzrə vitse-prezidenti Yutaka Matsuzava COP29 çərçivəsində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusunda tədbirdə deyib.
"İlk növbədə, tullantı və kənd təsərrüfatından metan emissiyalarının azaldılması sıfır emissiyalı iqtisadiyyata nail olmaqda və davamlı inkişaf məqsədlərinə çatmaqda mühüm rol oynayır. Tullantı sektorundan metan emissiyalarının azaldılmasında ən vacib məsələlərdən biri qida itkisinin azaldılmasıdır. Qida itkisinin azaldılması davamlı qida istehsalı və təchizatına müsbət təsir göstərə bilər. Bu baxımdan Yaponiya istehlakçıların və təchizatçıların davranışlarında dəyişiklik yaratmaq üçün siyasət tədbirləri vasitəsilə istehlakçıları, pərakəndə satıcıları və digər qida sənayesini cəlb edərək qida itkisinin azaldılmasını təşviq edir", - o vurğulayıb.
Onun sözlərinə görə, üzvi tullantılar həmçinin bioqaz istehsalı kimi bərpa olunan elektrik enerjisi istehsalı üçün ən müasir texnologiyalar vasitəsilə təkrar emal edilə bilər: "Yaponiya özəl sektorla əməkdaşlıq edərək bir çox ASEAN ölkələrinə milli səviyyədə qaydalar və strategiyalar hazırlamaq, tullantıların idarə edilməsi infrastrukturunu qurmaq, potensialın artırılması və texniki rəhbərlik təmin etmək vasitəsilə məişət üzvi tullantıları daxil olmaqla tullantıların idarə edilməsi problemlərinin həllində dəstək göstərib".
Nazir qeyd edib ki, Yaponiya ölkələr, bizneslər və beynəlxalq təşkilatlarla çoxsahəli tərəfdaşlıqlar vasitəsilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tullantı sektorundan metan emissiyalarının azaldılması səylərini gücləndirməyə qərarlıdır.