İqlim məlumatının və təhlükəli erkən xəbərdarlıq sistemlərinin uğurlu yaradılması təkcə hökumətlərdən asılı deyil.
“Report”un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu məsələ həm də yerli icmalar, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlar daxil olmaqla, maraqlı tərəflərin, vətəndaş cəmiyyəti və digər müvafiq aktorların fəal və davamlı cəlb edilməsindən, habelə biliyin səmərəli idarə edilməsindən asılıdır.
Nazir müavini bildirib ki, dünya artıq orta temperaturun, fəsillərin dəyişməsini, ekstremal hava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələri yaşayır:
“Ölkələr və icmalar uyğunlaşma həlləri kimi erkən xəbərdarlıq sistemlərini inkişaf etdirməli və iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün tədbirlər həyata keçirməlidir. Erkən xəbərdarlıq sistemləri prosesləri ən yaxşı mövcud elm və texnologiyalara əsaslanmalı və onları rəhbər tutmalıdır. Paris Sazişinə əsasən, Adaptasiya üzrə Qlobal Məqsəd müəyyən edilib”.
U.Tağıyeva vurğulayıb ki, ikiillik iş proqramının başa çatmasından sonra, COP28-də tərəflər BƏƏ Konsensusunun bir hissəsi olaraq Qlobal İqlim Dayanıqlığı üzrə BƏƏ Çərçivəsini qəbul etdilər:
“Həmin çərçivə iqlimə uyğunlaşma və dayanıqlıq üçün bir sıra hədəfləri ehtiva edir və erkən xəbərdarlıq sistemləri kimi uyğunlaşma tədbirlərinin daha çox həyata keçirilməsi üçün platforma təmin edir".
Nazir müavini onu da bildirib ki, Azərbaycan saysız-hesabsız daşqınlarla üzləşib. Keçən il onların sayı 147 olub, bu il isə 109-a çatıb. Bundan başqa, ölkədə istilik dalğaları da çoxalıb.
"Coğrafiya İnstitutu, Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə tədqiqatların aparılması, metodologiyanın hazırlanması və əlaqələndirilmiş iş yeni məhsul növünün - tibbi-meteoroloji proqnozların və xəbərdarlıqların verilməsində əsas rolunu oynayır. Bu proqnoz isti dövrdə həm ürək-damar xəstəliklərindən əziyyət çəkən həssas insanlar, həm də bütövlükdə əhali üçün hazırlanıb. İstilik dalğaları barədə erkən xəbərdarlıq günvurma diaqnozu ilə təcili tibbi yardıma müraciətlərin sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib", - U.Tağıyeva qeyd edib.
O əlavə edib ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, erkən xəbərdarlıq 24 saat ərzində verildikdə, təbii fəlakətlərdən dəyən ziyan 30 % azaldıla bilər.
U.Tağıyevanın sözlərinə görə, məqsəd 2027-ci ilə qədər səmərəli adaptasiya tədbiri kimi erkən xəbərdarlıq sistemini yaratmaqdır. O, Azərbaycan hökumətinin monitorinq sisteminin modernləşdirilməsinə sərmayə qoyuluşu istiqamətində mühüm addımlar atdığını qeyd edib və bu prosesdə göstərilən texniki dəstəyə görə Finlandiya və Türkiyəyə təşəkkürünü bildirib.