Futbolun populyarlığını iqlim dəyişikliyi mübarizəsinə yönəltmək güclü təsir göstərə bilər.
“Report” xəbər verir ki, bunu Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq baş məşqçisi Fatih Terim COP29 çərçivəsində “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansına daxil olan komandalarla görüşdə bildirib.
71 yaşlı mütəxəssis Azərbaycan futbolu ilə uzunmüddətli əlaqələrinin olduğunu xatırladıb:
“Azərbaycanla yollarımız illər əvvəl kəsişib. 1996-cı ildə Türkiyə millisinin baş məşqçisi kimi beynəlxalq arenada ilk addımlarını atan ölkənizdə oyun keçirdik. Daha sonra, 2006-cı ildə, güclü bir komanda ilə yenidən qardaşlarımızla qarşılaşdıq. Hər iki görüşdə də mən baş məşqçi idim. Azərbaycan futboluna yaxından bələdəm”.
F.Terim, tədbirin mövzusunun futboldan kənar olsa da, iqlim dəyişikliyi ilə mübarizədə bu cür təşəbbüsləri yüksək qiymətləndirib:
“Futbolun populyarlığını iqlim dəyişikliyi məsələsinə yönəltmək çox güclü təsir göstərə bilər. Dinlədiyim çıxışlar da bunun nə qədər doğru bir yanaşma olduğunu təsdiqlədi”.