İqlim dəyişikliyi bütün dünya üçün böyük xəbərdarlıqdır.
Bunu "Report"a açıqlamasında Pakistan parlamentinin üzvü Rana Ateeq deyib.
Onun sözlərinə görə, COP29-dan əsas gözləntiləri Pakistanın iqlim dəyişikliyinin təsirlərinin ön cəbhəsində olan ölkə olduğu barədə məlumatlılığı artırmaqdır:
"Pakistan COP29-da açdığı pavilyonda da qonaqlara ölkəsini həm mədəni, həm də coğrafi baxımdan tanıdır. Son bir neçə ildə iqlim dəyişikliyi səbəbindən təbii fəlakətlərlə - sel, quraqlıq və s. üzləşdik. Əhali buna görə yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qalır. Bunu da qlobal ictimaiyyətə çatdırmağa çalışırıq. Pakistan texnoloji və maliyyə yardımına ehtiyac duyur".
R.Ateeq bildirib ki, Azərbaycanla Pakistan arasında çox mühüm əlaqələr var:
"Azərbaycanla çox yaxın ölkələrik, Azərbaycana qardaş ölkə kimi baxıram. Bizim çox yaxın münasibətlərimiz var, təkcə siyasi deyil, hərbi sahədə də bir-birimizi dəstəkləmişik. Düşünürəm ki, bu çox yaxın qardaşlıq münasibətidir. Ümid edirəm ki, gələcəkdə iqtisadi, ticarət və enerji sahəsində də yaxşı addımlar atacağıq. Azərbaycana verə biləcəyimiz və Azərbaycanın bizə verə biləcəyi çoxlu şeylər var".