İqlim problemlərinin fəsadları ilə mübarizə istiqamətində müəyyən edilmiş hədəflərə çatmaq üçün elmin gücündən istifadə etmək lazımdır.
"Report" xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən İqlim Fəaliyyəti üçün Tədqiqat və Əməkdaşlığın Sürətləndirilməsi konfransında deyib.
O qeyd edib ki, dünya artıq kritik dönəmdədir: "Alimlərin fikrincə, planetə zərər verə biləcək nəticələrin astanasındayıq. İqlim dəyişiklikləri ilə əlaqədar ən son elmi biliklərin qlobal siyasətə təsirini gücləndirmək vacibdir. Bizə bu istiqamətdə beynəlxalq əməkdaşlıq lazımdır. Ölkələr ən yaxşı təcrübələri bölüşmək üçün birlikdə fəaliyyət göstərməlidir. Özəl sektorun da bu fəaliyyətdə fəal tərəfdaş olması önəmlidir".
N.Arpadarai vurğulayıb ki, akademik və tədqiqat əməkdaşlıqları iqlim araşdırmalarının önündə gedir: "İqlim tədqiqatlarına və inkişafına maliyyələşdirmənin artırılması, bu tədqiqatlara əlçatanlığın təmin olunması lazımdır. Hazırda iqlim dəyişikliyi sahəsində irəli sürülən 14 təşəbbüs aktualdır. Biz bu təşəbbüslərdən biri kimi insan kapitalının artırılması, ətraf mühitlə bağlı maarifləndirmənin genişləndirilməsini irəli sürmüşük".