Maldiv adaları iqlim dəyişikliyinin təsirlərindən ciddi təhdid altındadır.
"Report" xəbər verir ki, bunu Maldivin iqlim dəyişikliyi, ətraf mühit və energetika naziri Thoriq İbrahim COP29 çərçivəsində keçirilən "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə bildirib.
“Dəniz səviyyəsinin yüksəlməsi aşağı səviyyəli adalarımıza ciddi təhlükə yaradır. Ekstremal hava hadisələrinin artması infrastruktura zərbə vurur və turizm fəaliyyətini pozur. Okean sularının isinməsi mərcan riflərinin ağarmasına səbəb olaraq rəngarəng dəniz həyatını təhlükə altına qoyur. Bu çətinliklərə qarşı turizm sənayemizi qorumaq və uyğunlaşdırmaq üçün qətiyyətli tədbirlər görməliyik”, - deyə nazir vurğulayıb.
O, Maldiv adalarında turizmin inkişafı və davamlılıq üçün həyata keçirilən təşəbbüslərdən bəhs edib: "Belə ki, "Mangrov Fondları”nın yaradılması ilə həm qonaqlara unudulmaz təcrübələr təqdim olunur, həm də ekosistemlərin qorunmasına töhfə verilir. Həmçinin, yerli qida istehsalına diqqət artırılır. Xarici bazarlardan asılılığı azaltmaq üçün bəzi bizneslər artıq balıq təchizatı üçün yerli icmalarla əməkdaşlıq edərək davamlılığı təmin edir".
Nazir təbii fəlakətlərin qarşısını almaq üçün görülən addımlara da diqqət çəkib: "Hazırda çimərlik eroziyasına qarşı müvəqqəti dəniz divarlarının inşası, çimərliklərin bərpası və sahil bitkilərinin qorunması tədbirləri həyata keçirilir. Yerli və ənənəvi biliklərin müasir texnologiyalarla birləşdirilməsi isə sahil bölgələrinin uzunmüddətli qorunmasını təmin edir".
Sığortanın iqlim dəyişikliyinə uyğunlaşmada mühüm rol oynadığını vurğulayan T. İbrahim bildirib ki, risklərin azaldılması üçün sığorta həllərinin genişləndirilməsi vacibdir. “Sığorta sistemləri uyğunlaşmanı və maliyyə axınını dəstəkləsə də, bütün problemləri həll etmək üçün kifayət deyil. Bu səbəbdən, sığorta ümumi strategiyanın yalnız bir hissəsi olmalıdır”.
Nazir əlavə edib ki, Maldiv adaları milli səviyyədə həyata keçirilən tədbirləri qlobal təşəbbüslərlə uzlaşdırmağa və bu prosesə töhfə verməyə hazırdır.