Azərbaycanın məqsədi aviasiya təşkilatları ilə sıx əməkdaşlıq şəraitində ekoloji təşəbbüsləri əhatə edən səmərəli tənzimləyici sistem yaratmaqdır.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov COP29 çərçivəsində keçirilən “Beynəlxalq Aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksək səviyyəli panel müzakirəsində deyib.
"Qarabağ və Şərqi Zəngəzur bölgələrinin azad edilməsi "yaşıl enerji zonaları" üçün yeni imkanlar yaradır və Azərbaycanı təmiz enerji sahəsində regional liderə çevirir. Prezident İlham Əliyev Azərbaycanın azad edilmiş ərazilərini bölgənin zəngin bərpa olunan enerji resurslarından istifadə edərək "yaşıl enerji zonası"na çevirmək üçün hərtərəfli bir baxış ortaya qoyub. Ölkənin beynəlxalq ekoloji sazişlərdə iştirakı davamlı inkişafa sadiqliyini bir daha vurğulayır", - E. Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Paris Sazişinin sadiq tərəfdaşıdır: "Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvü olaraq biz beynəlxalq standartlar, tələblər və təşəbbüslərə uyğun olaraq öhdəliklərimizi, xüsusilə də ekoloji məsuliyyətlərimizi yerinə yetirməyə sadiqik. Biz ətraf mühitin dayanıqlılığı və məsuliyyətinə diqqət yetirərək effektiv siyasət formalaşdırmaq üçün aviasiya çərçivələrimizi fəal şəkildə inkişaf etdirir və gücləndiririk. Məqsədimiz aviasiya təşkilatları ilə sıx əməkdaşlıq şəraitində qlobal və regional səviyyədə həm qısa, həm də uzunmüddətli ekoloji təşəbbüsləri əhatə edən səmərəli tənzimləyici sistem yaratmaqdır. Biz karbon emissiyalarının və beynəlxalq aviasiyanın iqlim dəyişikliyinə təsirinin azaldılmasına sadiqik".