Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının mərkəzi qərərgahında COP29 Sədrliyi və Federasiyanın birgə təşkilatçılığı ilə iqlim dəyişikliyi və qlobal sülh arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbirdə Cenevrədə yerləşən BMT qurumlarının, beynəlxalq humanitar təşkilatların, eləcə də BMT üzv dövlətlərin daimi nümayəndəlikləri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqan Çapagain Azərbaycana, iqlim dəyişikliyi və sülh arasında bağlantı mövzusuna diqqət çəkdiyinə görə təşəkkürünü bildirib və COP29-a sədrliyin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
COP29 Sədrliyinin Baş müşaviri, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan Sülh, Yardım və Bərpa günü haqqında ətraflı məlumat verib. Natiq iqlim dəyişikliyi nəticəsində su çatışmazlığı, ərzaq təhlükəsizliyi, torpaq deqradasiyası və miqrasiyanın artan miqyasına diqqəti çəkərək bu problemlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər yaratdığını bildirib.
“500 milyondan artıq əhalinin üzləşdiyi bu problemlərinin həlinə iqlim maliyəsinin cəmi 2% xərclənir, bu da öz növbəsində onsuzda az inkişaf etmiş ölkələrin hələ uzun illər aclıq, münaqişə, xəstəliklərə düçar qalması üçün zəmin yaradır. İnkişaf etmiş ölkələri, süni şəkildə siyasiləşdirilən məsələlər deyil, məhz bu kimi real fəlakətlər narahat etməli, bu istiqamətdə əməli addımlarını şərtləndirməlidir. COP29 sədri kimi Azərbaycan irəli sürdüyü təşəbbüslər vasitəsilə məhz bu yolda həqiqi sülhə xidmət etməkdə əzmlidir”, - Elşad İskəndərov vurğulayıb.
Tədbir zamanı COP29 sədrliyinin təşəbbüsü olan İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzinin konsepsiyası, həmçinin qeyd olunan sahədə əməli təklifləri özündə ehtiva edən İqlim Üçün Bakı Sülh Çağırışının ilkin layihəsi tədbir iştirakçılarına təqdim edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi üzrə təşəbbüslərinin beynəlxalq sülhün gücləndirilməsinə xidmət edən amillərinə diqqət çəkdi.
42 ölkə və 12 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi tədbir zamanı aparılan müzakirələrdə COP29 sədrliyinin iqlim və sülh mövzusu üzrə təqdim etdiyi gündəlik yüksək qiymətləndirilib, nümayəndələr tərəfindən tədbir iştirakçıların çoxsayli sualları ətraflı şəkildə cavablandırılıb.