COP29 Sədrliyi iqlim fəaliyyəti üzrə irəliləyişi sürətləndirmək və rəsmi müzakirə edilən COP gündəliyinə dəstək vermək üçün COP29 Sədrliyinin Təşəbbüslərini “Fəaliyyət Gündəliyi”nin bir hissəsi kimi elan edib.
"Report" xəbər verir ki, bütün Tərəflərə və qeyri-tərəf qismində çıxış edən maraqlı tərəflərə ünvanladığı məktubda COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bu toplunun təfərrüatlarını, eləcə də qlobal maraqlı tərəflərin COP29 Sədrliyinin ambisiyanı artırmaq və fəaliyyətə təkan vermək hədəflərinə necə töhfə verə biləcəklərini izah edib.
Fəaliyyət Gündəliyi dünyanın ən aktual iqlim problemlərini, eləcə də unudulmuş prioritetləri gündəmə gətirir və geniş iştirakçı auditoriyasının bir araya gəlməsinə şərait yaradır. Sözügedən gündəlik həmçinin COP-un Qafqazda ilk dəfə keçirilməsi ilə əlaqədar Azərbaycanın imkanlarını və iqlim dəyişmələrinə qarşı mübarizəyə verdiyi unikal töhfələri də əks etdirir. Fəaliyyət Gündəliyi COP29 Sədrliyinin iqlim sahəsində bütün əsas istiqamətlər boyu irəliləmək kimi ambisiyalı səylərini təmsil edir və digərləri ilə yanaşı, enerji, maliyyə, kənd təsərrüfatı, şəhərlər, insan inkişafı, eləcə də iqlim və sülhün qarşılıqlı əlaqəsi kimi bir sıra əsas prioritetləri ehtiva edir. Bu təşəbbüslərin bir çoxu, xüsusən də İqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı təşəbbüsü (BICFIT), İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı təşəbbüsü və Davamlı, iqlimə dayanıqlı və sağlam şəhərlər üçün çoxsahəli fəaliyyət tərəfdaşlığı (MAP) bütün sektorlararası sinerjiləri əhatə edir.
COP29-un öhdəlik və bəyannamələri çərçivəsində hökumətlər və qeyri-hökumət qurumları iqlim böhranına qarşı növbəti kollektiv addımlarında ambisiyanı necə artıracaqlarına dair prinsiplər və həll yolları barədə razılığa gəlmək üçün bir araya gələcəklər. COP29 Sədrliyi (şəffaf və inklüziv yanaşma əlaməti olaraq) öhdəlik və bəyannamə mətnlərinin layihə variantlarını rəy və təkliflərin verilməsi üçün bütün Tərəflər və Həmfikir qruplarla paylaşacaq. Daha sonra COP29 Sədrliyi mətnləri yekunlaşdıraraq yenidən COP29 veb-saytında yerləşdirəcək.
Bu Təşəbbüslərə start verməklə, COP29 Sədrliyi COP29 tədbirindən əvvəl, tədbir zamanı və tədbirdən sonra da fəaliyyətə təkan vermək üçün bir sıra platforma, tərəfdaşlıq və proqramlar hazırlayır. Maliyyə iqlim fəaliyyətinin mühüm icra mexanizmidir və COP29 Sədrliyinin perspektiv konsepsiyasının bir hissəsini təşkil edir. Buna görə də sözügedən təşəbbüslər icra mexanizmlərinə xüsusi diqqət yetirməklə hazırlanıb.
COP29-un Fəaliyyət Gündəliyi COP29 Sədrliyinin dünya üzrə tərəfdaşları, o cümlədən BMT-nin COP29 üzrə İşçi Qrupu və üzv agentlikləri, beynəlxalq təşkilatlar və çoxtərəfli qurumlar, eləcə də milli hökumətlər və qeyri-dövlət subyektləri ilə birlikdə hazırlanıb.
COP29-un Fəaliyyət Gündəliyinə start verən Muxtar Babayev bunları bildirib: “Azərbaycan COP29 tədbirinə ev sahibliyi etməyimiz üçün dünya ictimaiyyətinin bizə olan etimadından şərəf duyur. Lakin Azərbaycan tək bir ölkədir və biz iqlim böhranını təkbaşına həll edə bilmərik. Biz hər bir iştirakçını ilhamlandırmağa və öhdəlik və qətiyyətlə nələrə nail olmağın mümkün olduğunu göstərməyə çalışır, fərdi töhfənin dəyərini heç vaxt kiçiltmirik. Hər kəsə xatırlatmaq istərdik ki, hətta bu cür böyük problem fonunda hər bir fəaliyyət mühüm əhəmiyyət kəsb edir, çünki bir kiçik damla bir böyük ümman yaradar”.
BMT-nin COP29-da İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai isə qeyd edib: “Artıq iqlim məsələləri ilə bağlı bütün maraqlı tərəflərin iqlim fəaliyyətinə qoşulmaq, səsini ucaltmaq və irəliyə doğru addım atmaq vaxtıdır. Əgər biz qarşıya qoyduğumuz məqsədlərə çatmaq istəyiriksə, o zaman hər kəs üzərinə düşəni etməlidir. Bu, sizin COP29-da mühüm rol oynamaq üçün şansınızdır”.
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) idarə heyəti qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb.
“Report” xəbər verir ki, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un fəaliyyət planını təqdim edərkən deyib ki, Azərbaycan dünya ictimaiyyətinin COP29-a ev sahibliyi etmək üçün göstərdiyi inamdan şərəf duyur.
“Amma biz iqlim problemini təkbaşına həll edə bilmərik”, - COP29 prezidenti qeyd edib.
O, dünya ictimaiyyətini həmrəyliyə çağırıb.
Sözügedən təşəbbüslərə iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı təşəbbüsü, COP29 "yaşıl enerji" zonaları və dəhlizləri öhdəliyi, COP29 Hidrogen Bəyannaməsi və sair daxildir.