Azərbaycanın Türkiyə üzərindən təxminən 1 giqavat gücündə bərpa olunan enerji ixracı ilə bağlı üçüncü "yaşıl dəhliz"in yaradılmasına dair layihəsi var.
“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova COP29 çərçivəsində təşkil olunmuş "Bərpa olunan enerjiyə investisiya: Davamlı gələcəyə aparan yollar" mövzusunda tədbirdə bildirib.
"Azərbaycanın həm dənizdə, həm də quruda böyük bərpa olunan enerji potensialı var. Hökumət bununla bağlı araşdırmalar aparır. Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. Hazırda isə ölkənin bərpa olunan enerji potensialı (günəş və külək enerjisi) quruda 27 giqavat, Xəzər şelfində isə 157 giqavatdır. Təbii ki, bunu genişləndirmək olar. Artıq dənizdə mini ölçmələr aparmışıq, hələliksə dənizdə Azərbaycanın iqtisadi gücü 38 giqavat civarındadır. Tələbi yaratmaq üçün bizim tənzimləmələrimizdə və qanunvericilik bazamızda təkmilləşdirməyə ehtiyacımız var", - R. Hümbətova deyib.