Qərb ölkələri Qlobal Cənub üçün iqlim maliyyələşdirməsinin əhəmiyyətini lazımınca qiymətləndirmir.
“Report” xəbər verir ki, bunu Afrika danışıqlar qrupunun kommunikasiya şöbəsinin rəhbəri Bernard Mvinzi COP29 konfransının kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qərb ölkələrinin Qlobal Cənubda iqlim tədbirlərinin maliyyələşdirilməsinə münasibəti xeyriyyəçilik kimi görünür, əslində isə söhbət zərurətdən gedir.
"Ən təəssüf doğuran odur ki, onlar bunu özləri də daxil olmaqla bütün dünya üçün prioritet kimi qəbul etmirlər. Uyğunlaşma maliyyəsi olmadan inkişaf etməkdə olan ölkələr fəlakət həddinə çatacaq ki, bu da qaçılmaz olaraq bütün qalan dünyaya təsir edəcək", - o əlavə edib.
B.Mvinzi qeyd edib ki, hazırkı iqlim böhranı təxirəsalınmaz tədbirlər tələb edir, çünki onun nəticələri artıq Qlobal Cənub ölkələrində hiss olunur: "Böhran artıq buradadır. O, qarşılıqlı əlaqəlidir və iqlim dəyişikliyinin nəticələri bütün dünyada hiss olunacaq. Qərb ölkələri bunu başa düşməli və birlikdə hərəkət etməlidirlər. Əhəmiyyətli maliyyələşdirmə olmadan bu çağırışların öhdəsindən gəlmək mümkün deyil".