Azərbaycan Prezidenti Pekində "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edir

Azərbaycan Prezidenti Pekində "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edir Aprelin 27-də Pekində ikinci Bir kəmər, bir yol Beynəlxalq Əməkdaşlıq Forumu öz işini davam etdirib.
Biznes
27 Aprel , 2019 14:13
Azərbaycan Prezidenti Pekində Bir kəmər, bir yol Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edir

Aprelin 27-də Pekində ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu öz işini davam etdirib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökumət başçılarını salamlayıb.

Si Cinpin çıxışında artıq ikinci dəfə baş tutan Forumun uğurla keçdiyini, onun ölkələr arasında əməkdaşlıq baxımından yeni imkanlar açdığını deyib. O, dünyada yeni əməkdaşlıq formatı yaradan "Bir kəmər, bir yol" təşəbbüsünün qlobal iqtisadiyyatın inkişafına və qədim İpək Yolunun yenidən canlandırılmasına təkan verəcəyini deyərək Forumda iştirak edən dövlət və hökumət başçılarına təşəkkürünü bildirib.

Forumun birinci sessiyası “İnkişaf üçün yeni mənbələrin araşdırılması məqsədilə əməkdaşlığın təşviqi”nə həsr olunub.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Prezident İlham Əliyev Forumun "Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması" mövzusuna həsr olunan ikinci sessiyasında da iştirak edib.

Daha sonra dövlət başçısı "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan üçüncü sessiyada iştirak edib.

Bu sessiyada çıxış edən Prezident İlham Əliyev dəvətə görə Çin Xalq Respublikasının sədri Si Cinpinə təşəkkür edib. Dövlət başçısı Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Çin xalqını təbrik edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Çin tərəfdaş ölkələrdir. Dövlət başçısı 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaratmışdır. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir.

Dövlət başçısı bildirib ki, nəqliyyat infrastrukturu sahəsində Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir. Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib. Biz xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizində çox fəal iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda hava nəqliyyatı infrastrukturu yaradılıb. Belə ki, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Nəqliyyat və enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir.

Azərbaycan Prezidenti deyib ki, “Bir, kəmər, bir yol” təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.

Son xəbərlər

Orphus sistemi