Yaponiya şirkəti Azərbaycanda qlobal mərkəz yaratmaq istəyir
- 28 aprel, 2022
- 12:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyanın TET - Beynəlxalq İnkişaf şirkəti Azərbaycana investisiya qoyuluşunu artıracaq, ölkəmizdə qlobal mərkəz yaradacaq.
“Report” xəbər verir ki, bunu şirkətin rəhbəri Taro Savada bildirib.
"Azərbaycanda kənd təsərrüfatı sahəsində biznesin kifayət qədər böyük potensialı var, odur ki, biz aqrar sektora investisiya qoyuluşunu davam etdirəcəyik. Bu məqsədlə bizim üçün maraqlı olan maliyyə və logistika bazarlarını araşdırırıq. Şimaldan Cənuba, Qərbdən Şərqə müxtəlif mədəniyyətlərə və regionlara malik Azərbaycanın yerləşdiyi mövqedən istifadə edərək qlobal mərkəz yaratmaq planlarımız var”, - deyə o, qeyd edib.
T.Savadanın sözlərinə görə, rəhbərlik etdiyi şirkət Oğuz, Şəki, Zaqatala və Tovuz rayonlarında müasir tütünqurutma müəssisələri yaradıb, 1 776 nəfəri işlə təmin edib: "Bizim biznes modelimiz tarlalarda və istixanalarda hidroponik üsulla toxum yetişdirib əsas sahəyə köçürmək, tütün yarpaqlarını təxminən 3 ay sonra yığıb 1 həftə ərzində ən müasir maşında qurutmaqdır. Qurudulmuş tütün çeşidlənir, sıxılır və ixrac edilir. Hazırda məhsullarımızın 80%-i ixraca yönəldilir. Azərbaycanda siqaret digər ölkələrlə müqayisədə xeyli ucuzdur. Çünki, xammalın daxili satış qiyməti aşağıdır".
Xatırladaq ki, TET bu günə kimi Azərbaycana 12 milyon ABŞ dolları dəyərində investisiya yatırıb. Şirkət 2022-2024-cü illərdə daha 30 milyon dolları investisiya yatırmağı nəzərdə tutur. 2022-ci il üçün 10 milyon ABŞ dolları məbləğində investisiya planı artıq təsdiq edilib. Bu il 3 fabrikin tikintisi planlaşdırılır.