Bu gün “StartupFest 2019” tədbiri çərçivəsində “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbiri işə başlayıb.
“Report” xəbər verir ki, “My Broker” gömrük təmsilçiliyi ilə birgə təşkil edilən beynəlxalq praktik forumun məqsədi Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, bu mövzuda əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startupların marağının artırılması və bu sahədə fəaliyyət göstərən startaplara dəstəyin verilməsidir.
Tədbirdə elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılara və biznes subyektlərinə dünyada son tətbiqlər, trendlər və praktik həllər ilə bağlı şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat veriləcək. Beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunacaq Forum yerli sahibkarlarda e-ticarətə və e-ixracata güclü maraq və təşviq yaradacaq.
Xatırladaq ki, “StartupFest 2019”un əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir. Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.