Azərbaycan Dünya Bankının "Business Ready" hesabatına 2025-ci ildən daxil ediləcək.
"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bu gün keçirilən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında deyib.
O bildirib ki, bu hesabatla bağlı ilkin qiymətləndirməyə bu ildən başlanıb.
Onun sözlərinə görə, biznes mühitinin "Business Ready" hesabatının suallarına uyğun olaraq ilkin qiymətləndirilməsi həyata keçirilib və bununla bağlı yol xəritələri hazırlanıb.
Qeyd edək ki, yeni hesabat dərci dayandırılmış "Doing Business" hesabatını əvəz edəcək və bu il ilk buraxılışında 54 iqtisadiyyat əhatə olunacaq. "Business Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və yaxud yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə.