“VİP Aviasiya Xidmətləri Şirkəti” xalis mənfəətini 55% artırıb

Biznes
  • 31 oktyabr, 2022
  • 07:11
“VİP Aviasiya Xidmətləri Şirkəti” xalis mənfəətini 55% artırıb

“VİP Aviasiya Xidmətləri Şirkəti” MMC 2021-ci ili 7,45 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 54,6% çoxdur.

Ötən il “VİP Aviasiya Xidmətləri Şirkəti”nin göstərdiyi xidmətlərdən gəlirləri 22,95 milyon manat (əvvəlki ilə nisbətən 21,5 % çox), xidmətlərinin maya dəyəri 6,623 milyon manat (7,6% az), birgə müəsisələrə yatırılmış investisiyalardan gəlirləri 231 min manat (2,9 dəfə çox), digər gəlirləri 150 min manat (5,1 dəfə az), inzibati və digər əməliyyat xərcləri 7,248 milyon manat (24,1% çox), maliyyə xərcləri 39 min manat (3,1 dəfə az), məzənnə fərqindən zərəri 7 min manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 1,964 milyon manat (7,9% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “VİP Aviasiya Xidmətləri Şirkəti”nin aktivləri 58,62 milyon manat olub ki, bu da illik müqayisədə 0,3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21,6% azalaraq 26,26 milyon manata düşüb, balans kapitalı isə 29,9% artaraq 32,36 milyon manata çatıb.

Xatırladaq ki, “VİP Aviasiya Xidmətləri Şirkəti" 2011-ci ildə, 100 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin Uyğunluq Sertifikatına əsasən Azərbaycanın beynəlxalq hava limanlarında yerüstü və kommersiya xidmətləri göstərir. Qurum "Premium Bank" ASC-nin səhmdarıdır.

44 filmi