Türkiyə martda 24 milyard dollarlıq ixrac həyata keçirib
- 28 aprel, 2023
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin mart ayında Türkiyənin ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % artaraq 23 milyard 595 milyon ABŞ dollarına, idxalının dəyəri isə 3,4 % artaraq 31 milyard 936 milyon ABŞ dollarına çatıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Statistika Təşkilatının və Ticarət Nazirliyinin birgə məlumatında bildirilir.
Məlumata görə, ötən ay Türkiyənin ixracının idxalına nisbəti 73,2 %-dən 73,9 %-ə qalxıb, xarici ticarətindəki kəsir isə 0,9 % artaraq 8 milyard 341 milyon ABŞ dollarına yüksəlib.
Bu ilin yanvar-mart aylarında isə Türkiyənin ixracının dəyəri 1 il əvvələ nisbətən 2,5 % artaraq 61 milyard 558 milyon ABŞ dolları, idxalının dəyəri isə 11,1 % artaraq 96 milyard 250 milyon ABŞ dolları olub. Son nəticədə ölkənin ixracının idxalına nisbəti 69,4 %-dən 64 %-ə düşüb, xarici ticarətindəki kəsir isə 30,7 % artaraq 26 milyard 537 milyon ABŞ dollarına çatıb.