Standartlaşdırma İnstitutu: “Bu il neft-qaz və neft-kimya məhsulları üzrə 3500 sınaq olub”
- 15 dekabr, 2021
- 13:34
“Hazırda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutunun neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasının 20-dən çox şirkətlə müqaviləsi var”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnstitutun neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasının müdiri Murad Hüseynov deyib.
“Həmin müqavilələr əsasında benzin, dizel, müəhrrik yağları, antifrizlər, yuyucu vasitələr, dezinfeksiyaedici vasitələrin sınaqlarını həyata keçiririk və məxfilik prinsipinə əsaslanaraq bu sınaqlar haqqında ancaq müqavilə bağladığımız şirkətlərə məlumat veririk. Bu il 3500 sınaq həyata keçirmişik.
Yanacaq doldurma məntəqələri, daxili istehsalda mühərrik yağı istehsal edən şirkət və zavodlar, dezinfeksiyaedici vasitələr istehsal edən şirkətlərlə müqavilələrimiz var. Məhsul satışa çıxmazdan öncə həmin şirkətlər bizə müraciət edirlər, biz onların keyfiyyət tərkibini, fiziki-kimyəvi parametrlərini yoxlayırıq, rəy veririk, bundan sonra onlar bizim rəyimiz əsasında sertifikatlaşdırılır və ondan sonra satışa buraxılır", - deyə o qeyd edib.
“Həm fiziki, həm də hüquqi şəxslər bizim laboratoriyamıza müraciət edib müqavilə bağlayıb öz məhsullarını analiz etdirə bilərlər”, - deyə M.Hüseynov əlavə edib.