Səfər Mehdiyev: “Beynəlxalq ticarət zənciri üzrə vaxt və xərc itkisi aradan qaldırılıb”

Səfər Mehdiyev: “Beynəlxalq ticarət zənciri üzrə vaxt və xərc itkisi aradan qaldırılıb” Xarici vətəndaşların elektron gömrük xidmətlərindən istifadə edə bilməsini təmin etmək üçün www.e.customs.gov.az portalında qeydiyyatdan keçmə və istifadə üzrə modulu tətbiq edilib
Biznes
29 Yanvar , 2021 15:36
Səfər Mehdiyev: “Beynəlxalq ticarət zənciri üzrə vaxt və xərc itkisi aradan qaldırılıb”
Səfər Mehdiyev

Yanvarın 30-da Azərbaycan gömrük orqanlarının yaradılmasının 29-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı günüdür. Bu münasibətlə “Report” İnformasiya Agentliyi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevdən müsahibə alıb. Müsahibəni oxucularımıza təqdim edirik:

– Səfər müəllim, 2020-cu il Dövlət Gömrük Komitəsi və gömrük orqanları üçün nə ilə yadda qaldı?

- 2020-ci il gömrük orqanları, gömrükçülər üçün, ilk növbədə, 30 ilə yaxındır işğal altında olan ərazilərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu tərəfindən azad edilməsi, Qarabağ həsrətinin bitməsi ilə yadda qalıb. Bu sevinci, bu qüruru bizə yaşatdıqları üçün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinə dərin təşəkkürümüzü bildirir, başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla şanlı Azərbaycan Ordusunun hər bir mənsubuna dərin minnətdarlıq hisslərimizi çatdırırıq. Prezident İlham Əliyevin uzun illər bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasət, xüsusilə ordu quruculuğu istiqamətində reallaşdırdığı tədbirlər 44 günlük Vətən müharibəsini qələbə ilə nəticələndirdi. Şübhəsiz ki, 2020-ci ildə qazanılan bu zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.

Qeyd edim ki, Vətən müharibəsində 60 nəfər gömrük əməkdaşı da iştirak etdi və onlardan bir nəfəri - Ülvi Hacıyev şəhidlik mərtəbəsinə ucaldı. Bir daha ona və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Gömrük orqanlarının fəaliyyəti baxımından sualınıza yanaşdıqda isə çətin iqtisadi şəraitə baxmayaraq 2020-ci ili də uğurlu saymaq olar. İlk növbədə büdcənin formalaşması istiqamətində gömrük orqanlarının üzərinə düşən vəzifə uğurla icra edildi. Bildiyiniz kimi 2020-ci il ərzində Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və büdcə öhdəliyinə 102,83 faiz əməl olunub.

Qaçaqmalçılığa qarşı mübarizə sahəsindəki fəaliyyətimiz də nailiyyətlərlə yadda qaldı. 2020-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 18 913 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 509-u cinayət xarakterli olub. Bu əməllərin törədilməsində şübhəli bilinən 517 nəfərin (412 Azərbaycan vətəndaşı, 105 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

Gömrük orqanları tərəfindən (digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülən tədbirlər nəticəsində 2020-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 111 fakt aşkar olunub, ümumilikdə 1 ton 490 kq 495 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Bunların 96 %-ni daha təhlükəli narkotik vasitə olan 1 ton 430 kq 538 qram heroin, 36 kq 702 qramdan çox tiryək, 5 kq 909 qram həşiş, 1 kq 169 qramdan çox marixuana, 1 kq 365 qramdan çox kokain, 15,5 qram metadon, 6 kq 354 qramdan çox metamfetamin, 1 kq 187 qram MDMA (ekstazi), 9 ədəd klonazepam, 4 kq 600 qram sulfat turşusu, 2 kq 556 qram xlorid turşusu və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

2020-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 108 nəfər: 94 kişi və 14 qadın olmaqla 79 nəfər Azərbaycan vətəndaşı, 29 nəfər əcnəbi (17 İran, 5 Rusiya, 4 Gürcüstan, 1 Ukrayna, 1 Pakistan və 1 Türkiyə vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 12 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunan 18 404 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 2360 hüquqi şəxs (o cümlədən 861 xarici hüquqi şəxs) və 16 064 fiziki şəxs (o cümlədən 11301 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib.

Gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 340 800 ABŞ dolları, 2 007 491 rus rublu, 110 326 manat dəyərində 287 ədəd qızıl zinət əşyaları, 12 848 manat dəyərində 531 ədəd gümüş zinət əşyaları, 3 418 manat dəyərində 62,18 qram qızıl muncuqlar və s. aşkar olunub.

İstintaq orqanının barələrində axtarış elan etdiyi 30 nəfər şəxslə bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilərək onların yeri müəyyən edilib və istintaq orqanının sərəncamına verilib.

Gömrük orqanları tərəfindən 34 310 ədəd CITES obyekti olan tibb zəlisi, 449 329 manat dəyərində dərman vasitələri, 2 767 manat dəyərində baytarlıq dərmanları, 6 716 ədəd kosmetika, 1 124 143 manat dəyərində 668 ədəd mobil telefon və 11 377 manat dəyərində 687 ədəd mobil telefonların aksesuarları, 321 086 manat dəyərində məişət texnikası və əşyaları, 212 103 manat dəyərində elektronika məhsulları, 2 ədəd odlu silah, 11 ədəd odlu silahın patronları, 270 125 ədəd pirotexniki məmulatlar, 3 ədəd pnevmatik silah, 500 ədəd pnevmatik silahın patronları, 90 ədəd soyuq silah, 102 ədəd səs-siqnal silahının patronları, 143 306 manat dəyərində tibb ləvazimatları, 263 337 manat dəyərində geyim əşyaları və xeyli miqdarda digər mallar tutulub.

Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində isə aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 4 925 826,0 manat dəyərində 51 701 539,0 ədəd xaricdə istehsal olunan siqaretlər, 10 889,0 manat dəyərində 481 litrdən çox spirtli içkilər saxlanılıb.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq ÜGT Avropa regionuna rəhbərliyimiz çərçivəsində gömrük işinin inkişafına öz töhfəmizi verməyə çalışdıq. 2020-ci ildə də yeni layihələrimiz oldu, əməkdaşların potensialının gücləndirilməsi, fəaliyyətimizin səmərəliliyinin artırılması istiqamətində lazımi addımlar atdıq.

Əsas nailiyyətlərimizdən biri də bütün dünyanı öz təsiri altına alan, iqtisadiyyatın, beynəlxalq ticarətin geriləməsinə səbəb olan pandemiya şəraitinə uyğun olaraq fəaliyyətimizi qura bildik. COVID-19 virusu ilə mübarizədə ön cəbhədə yer alan gömrükçülər həm virusun yayılmasının qarşısının alınması, həm də beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi üçün bütün səylərini səfərbər etdi. Bunun nəticəsidir ki, gömrük nəzarəti tədbirlərinin həyata keçirilməsi, yükdaşımaların fasiləsiz şəkildə aparılması prosesində hər hansı problem yaranmadı.

- Səfər müəllim, Dövlət Gömrük Komitəsinin ictimaiyyətə təqdim etdiyi “Smart Customs” mobil tətbiqi ilə bağlı xeyli narazılıqlar var. Bu gün bu tətbiqlə yaranan problemlər aradan qaldırıldımı?

- “Smart Customs” ötən ilin sentyabr ayında istifadəyə verilib, internetin ölkə ərazisində müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar proqramın istifadəsinə dair məcburiyyət 2020-ci ilin sonuna qədər aradan götürülüb. Bu müddət ərzində proqramda təkmilləşdirmələr aparılıb və cari ilin əvvəlindən yenidən tətbiqinə başlanılıb. “Smart Customs” mobil tətbiqi gömrük xidmətlərinin mobil platformaya daşınmasını, bununla da gömrük xidmətlərinə əlçatanlığın səviyyəsinin yüksəldilməsini hədəfləyən bir layihədir. Hazırda təkmilləşdirilmiş versiyada ilkin olaraq “Sadələşdirilmiş bəyannamə - elektron ticarət”, “Elektron növbə”, “Sürətli keçid” və “Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması” gömrük xidmətləri öz əksini tapıb və gələcəkdə xidmət növlərinin sayi daha da artacaq.

“Sadələşdirilmiş bəyannamə - elektron ticarət” elektron gömrük xidmətinin “Anroid” və İOS əməliyyat sistemləri istifadəçiləri üçün hazırlanıb təqdim edilmiş “Smart Customs” mobil tətbiqi üzərindən istifadəsi təmin edilib. Son məlumatlara əsasən artıq tətbiqin 29 mindən çox “Android”, 3 700-dən çox İOS istifadəçisi mövcuddur.

Hər bir yeniliyin həyata keçirilməsi prosesində müəyyən problemlər yaranır. Tamamilə informasiya texnologiyalarına əsaslanan bu layihənin tətbiqi prosesində də problemlərin yaranmaması, insanların uzun zaman ərzində formalaşan alışqanlıqlarını dəyişdirməsi o qədər də asan məsələ deyil. Lakin vətəndaşlarımızı əmin edə bilərəm ki, onların rahatlığının təmin edilməsi, həm də gömrük orqanlarının işinin səmərəliliyinin artırılması baxımından “Smart Customs” mühüm əhəmiyyət daşıyır. Artıq layihənin tətbiq olunduğu ilk günlərdə yaranan problemlər aradan qaldırılıb, sistem normal fəaliyyət göstərir və inanıram ki, digər yeniliklərimiz kimi “Smart Customs” da ölkəmiz, vətəndaşlarımız üçün faydalı olacaq.

Dövlət Gömrük Komitəsi, ümumiyyətlə öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə davamlı islahatlar həyata keçirir. Komitənin internet saytında təkmilləşdirmələr aparılıb, yeni bölmələr əlavə edilib, Azərbaycan Respublikasının xarici ticarətinin gömrük statistikasına dair məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə “Ticarət statistikası” portalının beta versiyası hazırlanıb.

İnternet üzərindən elektron ticarət yolu ilə idxal olunan malların rəsmiləşdirilməsi və nəzarətin həyata keçirilməsi məqsədilə “Sadələşdirilmiş bəyannamə - elektron ticarət” elektron gömrük xidməti istifadəyə verilib. Gömrük-Biznes əməkdaşlığının (C2B) daha da inkişaf etdirilməsi, biznes subyektlərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığın təmin edilməsi məqsədilə yeni www.e.customs.gov.az portalı hazırlanıb. Elektron gömrük xidmətlərinin həmin portal üzərindən göstərilməsi nəzərdə tutulur və hazırda “Sadələşdirilmiş bəyannamə - elektron ticarət” xidmətinin də bu portal üzərindən tətbiqinə başlanılıb. Həmçinin, portalda xarici iqtisadi fəaliyyət iştirakçıları üçün gömrük rəsmiləşdirilməsi üzrə lazım olan sənədlərin elektron qaydada gömrük orqanlarına göndərilməsi məqsədilə “Sənədlərin qeydiyyatı” bölməsi yaradılıb.

Beynəlxalq ticarət zənciri üzrə malların vaxt və xərc itkisinə məruz qalmadan maneəsiz və sürətli hərəkətinin, о cümlədən xarici ticarət iştirakçılarına öncədən biznes proqnozlaşdırılmasının təmin olunması məqsədilə “Məcburi qərarlar” elektron gömrük xidməti hazırlanıb və istifadəyə verilib.

Xarici vətəndaşların elektron gömrük xidmətlərindən istifadə edə bilməsini təmin etmək üçün www.e.customs.gov.az portalında qeydiyyatdan keçmə və istifadə üzrə modulu hazırlanıb və tətbiq edilib.

“Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi” gömrük xidməti təkmilləşdirilib, idxal-ixrac olunan mala görə bank ödənişləri üzrə banklar tərəfindən edilmiş qeydlərin bankların özləri tərəfindən silinməsi və onlara düzəliş edilməsi imkanı yaradılıb. Pul köçürmələrinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə hesabat formalarında təkmilləşdirmələr aparılıb.

Poçtdaşıma və kuryer şirkətləri üçün elektron ticarət platforması hazırlanıb, həmin şirkətlər üçün fiziki şəxslərə gətirdikləri yüklərin malın dəyərinə və miqdarına görə tətbiq olunan güzəştlər nəzərə alınmaqla sadələşdirilmiş qaydada rəsmiləşdirilməsi imkanı (o cümlədən “Smart Customs” mobil tətbiqində) yaradılıb. Hazırkı dövrə qədər 44 şirkət bu xidmətə inteqrasiya olunub.

Dövlət Gömrük Komitəsinin www.customs.gov.az rəsmi internet səhifəsinin müraciətlər bölməsində “Könüllü gömrükçü” alt bölməsi yaradılıb ki, bu da öz növbəsində növbəti dəfə könüllü olmaq istəyən gənclərə rahat formada müraciət etmək imkanını yaradıb.

Azərbaycan Prezidentinin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini rəhbər tutaraq, Dövlət Gömrük Komitəsinin sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, startap layihələri ilə bağlı cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, inkişaf etdirmək məqsədilə Komitə sədrinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında” sərəncamına müvafiq olaraq, Komitənin internet səhifəsində yaradılan alt bölmə vasitəsilə “Könüllü gömrükçü” dəstəsinə üzv olmaq istəyən 500 nəfərdən artıq gəncin müraciəti qeydə alınıb, həmin müraciətlər əsasında müsabiqə təşkil olunaraq 3-cü “Könüllü gömrükçü” dəstəsi formalaşdırılıb və 264 nəfər könüllü gömrükçü 24 fevral 2020-ci il tarixdən Komitənin Aparatının, eyni zamanda, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin struktur bölmələri və digər qurumlarında fəaliyyətə başlayıb.

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ötən il martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması, bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qəbul olunmuş qərara uyğun olaraq, gömrük sistemində də “Könüllü gömrükçü” dəstəsinin fəaliyyətinə müvəqqəti olaraq fasilə verilib.

Bununla belə, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatların təşəbbüsü ilə təsis edilən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən ölkə ərazisində start verilmiş “Könüllü qonşu” aksiyasına və yaşı 65-dən yuxarı olan şəxslərin sağlamlığını qorumaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarı ilə onların evdən çıxmalarına qadağa qoyulduğu müddətdə könüllülərimiz yaşlı və tənha şəxslərə köməklik göstəriblər.

- Dövlət Gömrük Komitəsinin Xaçmaz rayonu, Xanoba kəndində inşa etdiyi "Xanoba" gömrük postunun kompleks tikintisini nə yerdədir? Bu gömrük postunun açılışını nə zaman görmək mümkün olacaq?

- Xaçmaz rayonu ərazisində tikilən Şimal Ərazi Baş Gömrük İdarəsi “Xanoba” gömrük postunun kompleks tikintisi üzrə tikinti-quraşdırma işləri ilə əlaqədar layihə-smeta sənədləri hazırlanıb, satınalma müqavilələri bağlanıb və hal-hazırda tikinti işləri davam etdirilir. Bu keçid məntəqəsi istifadəyə verildikdən sonra şimal istiqamətində sərhədkeçmə prosesləri daha da rahat və sürətli şəkildə həyat keçiriləcək.

- 2020-ci ildə pandemiyaya görə, “Yaşıl dəhliz” iştirakçılarının sayında hansı dəyişikliklər baş verib?

- “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən, ümumilikdə 843 xarici ticarət iştirakçısı olmaqla, yalnız idxal üzrə 501, yalnız ixrac üzrə 102, həm idxal, həm də ixrac üzrə isə 240 xarici ticarət iştirakçısı müraciət edib. Daxil olmuş müraciətlərin təhlilinin nəticəsi olaraq 236 xarici ticarət iştirakçısına ixrac, 432 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 668 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib. Ötən il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun verildiyi şirkətlərin əməliyyatlarının ümumi idxalda həcminin xüsusi çəkisi statistik dəyər üzrə 40 %, ixracda isə 32,85 %, kənd təsərrüfatı və yeyinti məhsullarının idxalında həcminin xüsusi çəkisi statistik dəyər üzrə 62,77 %, ixracda isə 54,72 % təşkil edib.

Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamları ilə BYD kitabçasından istifadə edilməklə beynəlxalq yük daşımalarında iştirak etmək üçün ötən ildə 7 daşıyıcıya icazə verilib.

Son xəbərlər

Orphus sistemi