Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda 173 qadın sahibkara təxminən 6 milyon manat kredit verib.
"Report" xəbər verir ki, bunu Fondun Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov Bakıda "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" mövzusunda keçirilən forumda bildirib.
"On ay ərzində isə Fond bütün sahibkarlara 105,6 milyon manat kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Bu ilin sonuna qədər 140 milyon manat güzəştli kredit verilməsi planlaşdırılır", - o deyib.
Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.