Rusiyanın KOB-lara dəstəklə bağlı təcrübəsi AQEM Biznes Şurasının plenar iclasında təqdim edilib

Biznes
  • 20 may, 2025
  • 11:35
Rusiyanın KOB-lara dəstəklə bağlı təcrübəsi AQEM Biznes Şurasının plenar iclasında təqdim edilib

Rusiya KOB-lar üçün rəqəmsal platforma yaradaraq biznesə dəstəyi asanlaşdırır.

"Report" xəbər verir ki, bunu Rusiyanın Kiçik və Orta Biznes Korporasiyasının Beynəlxalq Əməkdaşlıq Layihələri Qrupunun rəhbəri Pavel Kondraşov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci Plenar iclasında bildirib.

Onun sözlərinə görə, Korporasiya rəqəmsallaşma və qlobal dəyər zəncirləri sahəsində atdığı addımlarla KOB-ların inkişafını sürətləndirir.

Qonaq vurğulayıb ki, 2022-ci ildə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə birgə KOB-lar üçün xüsusi rəqəmsal platforma yaradılıb: "Platforma sahibkarlara dövlət və regional xidmətlərə, dəstək tədbirlərinə, təlim proqramlarına və analitik resurslara bir pəncərədən çıxış imkanı yaradır, həmçinin sahibkarların rəqəmsal profillərini formalaşdıraraq onların ehtiyaclarına uyğun xidmətlərin avtomatik seçilməsini təmin edir. Artıq 1 milyona yaxın kiçik və orta müəssisə bu sistemdən yararlanır. Yeni rəqəmsal infrastruktur KOB-ların sənədləşmə işlərini sadələşdirir, məmnunluq səviyyəsini ölçür və hökumətə birbaşa geri bildiriş verir".

Onun sözlərinə görə, platformada fəaliyyət göstərən "Sənaye Əməkdaşlığı" xidməti isə şirkətlərə məhsul və xidmətlərini təqdim etmək və təchizatçılar tapmaq imkanı yaradır. Bu addımlar KOB-lar üçün şəffaf, sürətli və effektiv dəstək mexanizminin formalaşmasına xidmət edir.

Rusiya rəsmisi çıxışının sonunda AQEM üzvlərini 2025-ci ilin avqust ayında Tatarıstanın Kazan şəhərinə dəvət edib: "Tatarıstanda keçiriləcək tədbirdə "Fermer Adası" layihəsi, KOB-ların rəqəmsal platformalar vasitəsilə beynəlxalq ticarətə inteqrasiyası və milli sənaye əməkdaşlığının gücləndirilməsi mövzularında təcrübə təqdim olunacaq. Layihə çərçivəsində artıq 1000-dən çox kənd təsərrüfatı istehsalçısı birləşdirilərək məhsullarını satışa çıxarır. Bu çərçivədə yaradılmış Rəqəmsal Sənaye və Əməkdaşlıq Platforması uğurla inteqrasiya edilib, 200-dən çox müqavilə bağlanıb. Tərəfdaşlara xüsusi icarə şərtləri, güzəştli kredit imkanları və hazır dizayn layihələri də təqdim olunur. Məqsəd KOB-ların bazara çıxışını dəstəkləmək və rəqəmsal iqtisadi əlaqələri genişləndirməkdir".