Rusiya şirkətləri Qarabağda və Sumqayıtda layihələr həyata keçirməyi planlaşdırır

Biznes
  • 27 may, 2025
  • 10:41
Rusiya şirkətləri Qarabağda və Sumqayıtda layihələr həyata keçirməyi planlaşdırır

Rusiyanın Samara vilayətinin şirkətləri Azərbaycanda layihələr həyata keçirməyi planlaşdırır.

Bu barədə “Report” Samara vilayəti administrasiyasının məlumatına istinadən xəbər verir.

Məlumata görə, regiondan olan biznes missiyası Azərbaycanda danışıqlar aparıb, inşaat, istehsal və logistika sahələrində əməkdaşlıq barədə razılığa gəlib.

Xüsusilə, Samaradan olan şirkətlər Azərbaycan ərazisində layihələrin həyata keçirilməsinə maraq göstəriblər: müasir sendviç panellərdən evlərin tikilməsi və Sumqayıt Kimya Sənaye Parkında istehsalın başlanması planlaşdırılır.

Samaradan olan nümayəndə heyəti “Azera Holding” ilə işgüzar görüşdə iştirak edib. Bununla yanaşı, tərəflər Samaradan olan istehsalçıların məhsullarının tədarükü və digər məsələlər barədə ətraflı şərtləri nəzərdən keçirməyi razılaşdırıblar. Görüş çərçivəsində nümayəndə heyətinin üzvləri holdinqin şirkətlərindən biri olan “Sara Logistics”in nümayəndəsi ilə logistika üzrə əsas məsələləri müzakirə ediblər. Həmçinin, Samaranın "Osnovnoy Produkt" MMC şirkətinin məhsullarının Bakı ticarət şəbəkələrində yerləşdirilməsi barədə razılıq əldə olunub.

Biznes missiyasının yekunları üzrə bir sıra razılaşmalar əldə edilib. Buraya "Assotsiatsiya SİP" MMC ilə turist bazalarının tikintisi layihəsi üzrə, “Sara” şirkəti ilə Qarabağda tipik tikinti layihələri üzrə və “Greenstream” müəssisəsi ilə Rusiya evlərin inşası üçün lazım olan materialların tədarükü ilə bağlı bir sıra razılaşmalar daxildir.