Bakıda bu gün keçirilən İtaliya-Azərbaycan Biznes Forumunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 13 İtaliya şirkəti iştirak edir və onlar əlaqələr qurmaq, investisiya imkanlarını araşdırmaq və əməkdaşlığı inkişaf etdirmək istəyirlər.
“Report” xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Rikardo Kursi deyib.
“İtaliyada bu sahə ənənəvi olaraq güclü inkişaf edib və eyni təcrübəni Azərbaycanda da tətbiq etmək olar. Xüsusən ona görə ki, bu ölkədə bütün lazımi şərait, o cümlədən iqlim şəraiti var”, - o bildirib.
R.Kursi qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında güclü əməkdaşlıq mövcuddur: “Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir. İtaliya Azərbaycanın, xüsusilə enerji sektorunda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın neft və qaz ixracının 50 %-i İtaliyanın payına düşür. Bununla belə, əməkdaşlığımızı genişləndirməliyik. Kənd təsərrüfatı da perspektivli sahələrdən biridir”.