Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sakinlər arasında iqtisadi fəal əhalinin 86 %-nin məşğulluğu təmin edilib.
"Report" İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu barədə qurumun, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyasının və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holdinq” MMC-nin maliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları layihəsi"nin 2024-cü ildə icrasına dair tədbirdə bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək paketindən bəhs edib. O, qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən dəstək paketinin bir istiqaməti kimi nazirlik 25,3 mindən çox şəxsin məşğulluğuna dəstək göstərib, onlardan 12,2 min şəxs özünüməşğulluq proqramına, 1054 nəfər peşə hazırlığına cəlb edilib, digərləri münasib işlə təmin olunub. Özünüməşğulluq proqramı çərçivəsində sosial tərəfdaşlarla birgə həyata keçirilən layihələr üzrə isə 524 şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik təsərrüfatlar qurulub.
“Qarabağ KOB-ları” layihəsinin şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğuna dəstək verilməsində önəmi qeyd edilib. KOBİA-nın təşkil etdiyi təlimlərlə layihə iştirakçılarının biznes biliklərinin və bacarıqlarının artırıldığı diqqətə çatdırılıb.
Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları layihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə 2023-cü ildən icra olunduğunu qeyd edib. O, bildirib ki, layihə çərçivəsində 2024-cü ildə Bakı, Gəncə, Bərdə, Goranboyla yanaşı, Füzulidə, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində 70 KOB subyekti yaradılıb. Ümumilikdə isə indiyə qədər layihə çərçivəsində 120 KOB subyekti yaradılıb. Onlar üçün biznes biliklərinin və bacarıqlarının artırılması üçün zəruri təlimlər keçirilib, seçdikləri fəaliyyət proqramları üzrə peşə kursları təşkil olunub. Təlimləri və peşə kursunu uğurla bitirənlər özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlarla təmin edilib. Layihədən faydalanmış sahibkarların məhsul və xidmətlərini təqdim edə biləcəkləri platforma da yaradılıb. “Qarabağ KOB-ları layihəsi"nin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulur.