Azərbaycan Avropa İttifaqı və Dünya Bankı ilə güclü əməkdaşlıq nəticəsində insan kapitalını inkişaf etdirib.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Dünya Bankının Azərbaycan üzrə yeni hazırlanmış İnsan Kapitalı İcmalının təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı bu layihəyə dəstək göstərib: "Belə ki, bu layihə vasitəsilə gələcək necə inkişaf edəcək sualına cavab tapa bilərik".
Səfir vurğulayıb ki, insan kapitalı insanların həyatlarının dəyişdirilməsi baxımından önəmlidir: "Bu sahədə inkişaf hər kəs üçün sosial tərəqqiyə səbəb olur. İnsan kapitalı səhiyyə, bacarıqlar, biliklər, təcrübələr, vərdişlər deməkdir. İnsan kapitalı fundamentaldır, ölkənin edə biləcəyi ən yaxşı sərmayə insan kapitalına qoyulan sərmayədir. Buna görə də Avropa İttifaqı Dünya Bankı və digər tərəfdaşlarla birgə bu sahəyə dəstək göstərir.
İnsan kapitalı elm, təhsil, idarəetmə və digər istiqamətlərdə inkişaf etdikdə bu sosial rifahı və bərabərliyə xidmət edir".
Xatırladaq ki, İnsan Kapitalı icmalının məqsədi Azərbaycanda insan kapitalı sahəsində əsas aspektləri və çağırışları qiymətləndirmək, gücləndirilməsi zəruri olan insan kapitalı nəticələrini müəyyən etmək və bu nəticələri daha da yaxşılaşdırmaq üçün spesifik siyasət tədbirlərini təklif etmək yolu ilə 2030-cu ilə qədər Milli Prioritetlərin və 2022-2026-cı illər üzrə Sosial İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində Azərbaycan hökumətinə dəstək verməkdir.