Palata: "Pakistanlı iş adamları azərbaycanlı tərəfdaşları ilə biznes qurmaqda maraqlıdırlar"

Biznes
  • 07 iyun, 2022
  • 14:05
Palata: Pakistanlı iş adamları azərbaycanlı tərəfdaşları ilə biznes qurmaqda maraqlıdırlar

İslamabad Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə Pakistandan Bakıya gələn iş adamları azərbaycanlı tərəfdaşları ilə birgə layihələr icra etmək istəyirlər.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr edilmiş konfransda palatanın prezidenti Məhəmməd Şakel Munir deyib.

Onun sözlərinə görə, konfrans çərçivəsində Pakistandan Azərbaycana gələn biznes nümayəndələri ikitərəfli görüşlər keçiriləcək: "Bugünkü tədbirdə iştirak etmək üçün Pakistandan Azərbaycana 50-ə yaxın şirkəti təmsil edən nümayəndələr gəlib. Pakistandan bir sıra sektorların nümayəndələri Azərbaycana gələrək, bizneslərini tanıtmaq istəyirlər. Əsas məqsəd ondan ibarətdir ki, hər iki ölkədən olan şirkətlər bir-birilərini tanısınlar. Bununla da, gələcək əməkdaşlığın bünövrəsi qoyulsun. Hesab edirəm ki, bu gün təşkil etdiyimiz tədbir hər iki ölkənin nümayəndələri üçün çox məhsuldar keçəcək. Ümumiyyətlə, Pakistanın biznes nümayəndələri azərbaycanlı tərəfdaşları ilə biznes qurmaqda maraqlıdırlar".

Məhəmməd Munir deyib ki, palatanın altı mindən çox üzvü var: "Üç min korporativ üzvləri var. Palatada metal, aqrar, turizm, informasiya texnologiyaları sahələri üzrə fəaliyyət göstərən şirkətlər təmsil edilir".