Azərbaycan Pakistanla ikitərəfli ticarəti daha da inkişaf etdirmək niyyətindədir.
“Report”un Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin ticarət və iqtisadi əməkdaşlığı bir çox sahələrdə genişləndirmək üçün böyük imkanlara malikdir. O, Azərbaycan ilə Pakistanın siyasi səviyyədə mükəmməl əlaqələr qurduqlarını, lakin ticarət və iqtisadi əlaqələrin buna uyğun olmadığını qeyd edib: “Bu səbəbdən hər iki ölkənin iqtisadiyyatları üçün yüksək faydalı nəticələr verəcək ticarət əlaqələrinin inkişafına böyük ehtiyac var”.
Ə.Əlizadə bildirib ki, Azərbaycan xalqı Pakistana böyük sevgi bəsləyir və bu xalqla biznes qurmaqda özünü çox rahat hiss edir: “Bunun üçün də Pakistan Azərbaycanla ticarət əməkdaşlığını genişləndirməyi ciddi şəkildə düşünməlidir”.
Səfir vurğulayıb ki, Azərbaycan Rusiya da daxil olmaqla bölgənin 10 ölkəsi arasında azad ticarətin aparılması ilə bağlı müqavilələr imzalayıb: “Buna görə də Azərbaycana sərmayə qoyaraq və onunla ticarət əməkdaşlığını artıraraq Pakistan investorları bütün regional ölkələrə ixracatını təşviq edə biləcək”.
Səfir bildirib ki, COVID-19 pandemiyası iki ölkə arasındakı ticarət fəaliyyətində müəyyən ləngimələr yaradıb: “Ancaq koronavirus pandemiyası bitdikdən sonra ikitərəfli ticarəti sürətlənəcək. Azərbaycan COVID-19 bitdikdən dərhal sonra Pakistanla dəmir yolu əlaqələri və birbaşa uçuşların inkişafında maraqlıdır”.
Səfir kənd təsərrüfatı, sənaye, turizm, mədənçilik, mehmanxana biznesi və müdafiə sahələrini Azərbaycan və Pakistan arasında ikitərəfli əməkdaşlığın potensial sahələri kimi qiymətləndirib.
Ə.Əlizadə Pakistanın dərman istehsalçısı şirkətlərinin Azərbaycanda böyük potensiala sahib olduqlarını və ölkəsində istehsal müəssisələri açmalı olduqlarını bildirib: “Azərbaycan Bakı limanının yanında azad iqtisadi zona qurur və Pakistan investorları burada birgə müəssisələri yarada və investisiyalar yatıra bilərlər”.
Səfr bildirib ki, mart ayında iki ölkə arasında onlayn biznes-forumunun keçirilməsi planlaşdırılıb: “Pakistanın iş adamları azərbaycanlı həmkarları ilə iş birliyini araşdırması üçün bu forumda iştirak etməlidir”.