Bolqarıstan Azərbaycanda infrastruktur layihələrində, xüsusilə də azad olunmuş ərazilərin yenidən qurulması proqramında iştirak etməkdə maraqlıdırlar.
Bunu “Report”a müsahibəsində Bolqarıstanın iqtisadiyyat və sənaye nazirinin müavini Nikolay Pavlov deyib.
"Biz investisiyalar üçün bütün mövcud imkanları çox fəal şəkildə qiymətləndiririk. Bir neçə ay əvvəl Bakıda keçirilən ikitərəfli hökumətlərarası iclasda iki ölkə arasında investisiya imkanlarına xüsusi diqqət yetirdik və bu məsələni ətraflı müzakirə etdik. Biz Azərbaycanın regiondakı strateji mövqeyindən xəbərdarıq. Eyni şəkildə, Azərbaycan tərəfi Bolqarıstanın Avropa qitəsində, xüsusilə Balkanların mərkəzində yerləşən strateji mövqeyini bilir. Bundan əlavə, yaxın bir neçə ay ərzində Bolqarıstanın Şengen zonasına tam daxil ediləcəyi gözlənilir ki, bu da bizə yeni rəqabət üstünlüyü yaradacaq. Bu kontekstdə investisiya imkanlarını, iqtisadi zonalarımı və bu regionlardakı potensialları müzakirə etdik", - nazir müavini qeyd edib.
N. Pavlov Azərbaycandakı iqtisadi zonalardan xəbərdar olduğunu bildirərək, vurğulayıb ki, Bolqarıstanda da əhəmiyyətli investisiyalar və sənaye müəssisələrini cəlb etməyə hazır olan sənaye zonaları təşviq edilir: "Bolqarıstan böyük Avropa bazarına giriş qapısı kimi strateji rol oynayır. Mən İqtisadiyyat və Sənaye Nazirliyi adından danışıram və bildirmək istəyirəm ki, Bolqarıstan hökuməti istənilən investisiya marağını və təşəbbüsünü dəstəkləməyə hazırdır. Biz iki ölkə arasında əhəmiyyətli investisiyalar üçün bütün mövcud imkanları təşviq edir və əməkdaşlığı gücləndirməyə çalışırıq".
O əlavə edib ki, son zamanlar həm siyasi, həm də iqtisadi sahələrdə iki ölkənin şirkətləri arasında ən yüksək səviyyədə güclü əlaqələr yaradılır: "Məsələn, iyulun 1-də Bakıda keçirilən Bolqarıstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclası bunun mühüm göstəricisidir. Bu iclas uzun fasilədən sonra təşkil edildi və iqtisadi əlaqələrə dair bir çox mövzuya toxunmaq imkanı oldu. Son illərdə bu əlaqələrin daha da məhsuldar olduğunu əminliklə deyə bilərəm. Enerji, qaz və neft kimi sahələrdə olduqca yüksək ticarət həcmləri qeydə alınır. Təbii ki, iqtisadi əlaqələri şaxələndirəcək yeni sahələri də müəyyənləşdirməyə davam edirik".
Nikolay Pavlov ilə müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.