Azərbaycan və Moldova məhsulları, ən yaxşı təcrübələri bölüşməyə, innovativ texnologiyaları ötürməyə imkan verən platformalardan istifadə etməlidir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Moldova biznes forumunda kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Onun sözlərinə görə, nəqliyyat qovşağında yerləşən Ələt Azad İqtisadi Zonası Azərbaycana məhsullarını üçüncü ölkələrə ixrac etmək üçün böyük imkanlar verir.
Nazir əlavə edib ki, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni "ağıllı kənd" və "ağıllı şəhər"lər salır: "Bu, ərazilərin davamlı aqro-ərzaq sistemi iqlimə davamlı və icma yönümlü kənd təsərrüfatının inkişafına əsaslanacaq. Bunu nəzərə alaraq, sıx əməkdaşlıq etməyə, ən yaxşı texnologiya və təcrübələrinizi bölüşməyə dəvət edirəm. Əlbəttə, biz ticarəti yol və yaxud digər logistika infrastrukturu olmadan təsəvvür edə bilmərik. Azərbaycan uzun illərdir ki, bunun üzərində işləyir və çoxşaxəli nəqliyyat şəbəkəsi yaradıb. Qafqazda və Xəzər dənizi boyu regionun yeni nəqliyyat xəritəsi yaradılıb. Coğrafi mövqeyimizdən istifadə edərək biz müasir infrastruktur yaratmışıq - dəniz limanı, dəmir yolu əlaqələri, bir neçə beynəlxalq hava limanı və magistral yollar inşa edilib. Bu layihələr "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərini birləşdirir".
Nazir Azərbaycan və Moldovadan olan iş adamlarını milli pavilyonlarla hər iki ölkədə təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirak etməyə və son nailiyyətlərini bölüşməyə çağırıb.