Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
"Naxçıvan palas"da davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf, biznes, investisiya mühiti, sahibkarlığın, özəl sektorun iqtisadi inkişafda rolu müzakirə edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərmanın imzalandığını xüsusi vurğulayaraq buna görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Samir Seyidəhmədli tədbirin dövlət-biznes dialoqunun gücləndirilməsi baxımından əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu sahədə aparılan islahatlar iqtisadiyyatın davamlı və dayanıqlı olmasını təmin edir.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" da bu məqsədə xidmət edir. Proqramda iqtisadiyyatın diversifikasiyası, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sahibkarlığın inkişafı və hüquqlarının qorunması kimi mühüm hədəflər müəyyənləşdirilib.
Dövlət qurumları ilə biznes subyektləri arasında əlaqələrin gücləndirilməsində müasir texnologiyaların və rəqəmsal mühitin tətbiqinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan səlahiyyətli nümayəndənin müavini tədbirin işinə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov cari ilin 11 ayında Naxçıvan Muxtar Respublikasında faktiki vergi daxilolmaları ilk dəfə olaraq 200 milyon manatı ötdüyünü bildirib.
Bu göstərici müəyyən olunan proqnoz məbləğindən 44,4 milyon manat və ya 28 faiz çoxdur. Nazir müavini qeyd edib ki, 2024-cü ilin 11 ayında vergi daxilolmaları 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz, 2022-ci illə müqayisədə isə 86,5 milyon manat və ya 74,4 faiz artıb.
Bununla yanaşı, 2024-cü ilin 11 ayında məcburi dövlət sosial sığorta daxilolmaları 8,1 faiz, işsizlik sığortası fonduna daxilolmalar 11 faiz, icbari tibbi sığorta daxilolmaları isə 16,7 faiz artıb. Aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 37,9 faiz artaraq 21 374-ə çatıb. 1 yanvar 2023-cü illə müqayisədə isə aktiv vergi ödəyicilərinin sayı 68,2 faiz, qeydiyyatda olan obyektlərin sayı 20,1 faiz, ƏDV ödəyicilərinin sayı 84,2 faiz, qeydiyyatda olan Online NKA-ların sayı 70,4 dəfə, aktiv POS-terminalların sayı isə 4,7 dəfə artıb.
Abbas İsmayılovun sözlərinə görə, dövlət əmlakının idarə olunmasında da müsbət nəticələr əldə olunub. Yeni bağlanmış icarə müqavilələrinin sayı 44 faiz azalsa da, icarədən büdcəyə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artıb. Özəlləşdirmədən daxilolmalar 39,5 faiz artaraq 2,6 milyon manat təşkil edib, muxtar respublika büdcəsinə və xüsusi vəsait hesabına daxilolmalar isə 40 faiz artıb.
Bundan başqa, cari ilin 11 ayında 16,6 milyon manat güzəştli kreditin geri qaytarılması təmin olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Problemli kreditlərin geri qaytarılması isə 10,5 milyon manat təşkil edib və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 dəfə artıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb. Bu paket Muxtar Respublikada qeydiyyata alınan və orada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil olunacaq.
N.İmanov bildirib ki, biznes subyektlərinin vergi yükünün azaldılması, iri həcmli vergi güzəştlərinin verilməsi, real sektorun vergi dərəcələrinin sıfırlanması, 10 il müddətinə vergidən azad edilməsi təşəbbüsləri var. Bütövlükdə əsas məqsəd Naxçıvan Muxtar Respublikasının mövcud və sonradan yaranacaq vergi ödəyicilərinə vergi güzəştləri verməklə onlar üçün əlverişli biznes mühitini təmin etməkdir. O, layihənin Nazirlər Kabinetinə təqdim olunduğunu və gələn ildən qüvvəyə minəcəyini qeyd edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Naxçıvanda iqtisadiyyatın, biznes mühitinin inkişafı ilə bağlı təşəbbüslərin artması, dövlət-özəl dialoqunun inkişafında xüsusi roluna görə həm İqtisadiyyat Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Prezidentin Xüsusi Nümayəndəliyinə, Naxçıvan Sahibkarlar Konfederasiyasına təşəkkürünü bildirib. Yeni güzəşt paketinin Naxçıvanda sahibkarlığın, biznesin inkişafına yeni bir təkan verəcəyini vurğulayıb.
Sonra sahibkarların sualları və təklifləri əsasında geniş müzakirələr keçirilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, təşkilatçılığı ilə keçirilən dövlət-özəl dialoqu platformasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Naxçıvan Sahibkarlar Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Bu gün Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, tədbiri İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təşkil edib.
Görüşdə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvanda sahibkarlığın inkişafı, vergi güzəştləri və digər dəstək mexanizmləri müzakirə edilir.
Sahibkarlıq subyektləri arasında əməkdaşlığın gücləndirilməsi və yeni imkanların müəyyənləşdirilməsi nəzərdə tutulur.