"Türk Şurasının İqtisadi Zirvəsi ortaq mədəni dəyərləri olan türkdilli dövlətlərin təktərəfli və çoxtərəfli əsasda bərabər və qarşılıqlı münasibətlərin təşviqi baxımından böyük önəm daşıyır".
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, türkdilli dövlətlər müstəqilliklərin 30-cu ilində gələcəyə ümumbaxış konsepsiyanı müəyyən edirlər: “Hesab edirəm ki, aparılacaq müzakirələr qlobal çağırışlar və trendlər şəraitində türkdilli dövlətlərlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət, nəqliyyat, tranzit, logistika, investisiya istiqamətləri ilə yanaşı yaşıl və sirkulyar iqtisadiyyat, yaşıl enerji, iqlim dəyişikliklərinin qarşısını alınması üçün tədbirlər baxımından, rəqəmsallaşma və müasir dövrün tələblərinə cavab verən insan resurslarının formalaşdırılması üzrə tərəfdaşlığın inkişafı baxımından faydalı olacaq”.
Nazir qeyd edib ki, türkdilli dövlətlər arasında qarşılıqlı maraqlara əsaslanan münasibətlər, siyasi-iqtisadi tərəfdaşlıq ildən-ilə genişlənməklə son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: "Xalqlarımızın mədəni, tarixi bağlılığı ölkələrimizin coğrafi baxımdan yaxınlığı, əlaqələrimizin gücləndirilməsi, kommunikasiya xətlərinin və tranzit imkanlarının inkişafı, logistik mərkəzlərinin təşkili kimi hədəflərə nail olunmasında əlverişli imkanlar yaradır.
Bununla yanaşı, çoxtərəfli əməkdaşlığımızın inkişafı üçün səmərəli platforma olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində xalqlarımızın birliyinin gücləndirilməsi üçün siyasi, mədəni və iqtisadi sahədə məqsədyönlü fəaliyyət həyata keçirilir. Şura çərçivəsində iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi potensialını, bu məqsədlə müvafiq strukturlarının ,o cümlədən Türkdilli ölkələrin İnvestisiya Fondunun, Türk Ticarət Evlərinin yaradılmasının, biznes forumlarının, ixrac missiyalarının təşkilinin əhəmiyyətini xüsusi ilə vurğulamaq istəyirəm. Azərbaycan da türkdilli dövlətlərlə tərəfdaşlıq münasibətlərin gücləndirilməsində fəal iştirak edir, irəli sürülən birgə təşəbbüslərin reallaşmasına səy göstərir”.