Kolumbiyadan Azərbaycana qəhvə, gül və əczaçılıq məhsullarının ixracı hazırda maraq doğuran məsələlərdəndir.
“Report”un məlumatına görə, bunu Kolumbiyanın Azərbaycandakı yeni təyin olunan səfiri Luis Fernando Kuartas Ayala İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev ilə keçirilən görüşdə bildirib.
Səfir ölkələr arasında siyasi əlaqələri qeyd edərək, Kolumbiya şirkətlərinin, həmçinin ölkəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndəliklərinin Azərbaycan iqtisadiyyatında fəaliyyətinin təşkilinin potensial perspektivləri haqqında danışıb. Görüşdə Y. Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, eləcə də Azərbaycanın investisiya imkanları və ticarət tərəfdaşları haqqında məlumat verib.
Bildirilib ki, AZPROMO müxtəlif yerli və beynəlxalq tədbirlər təşkil etməklə analoji qurumların funksiyalarından kənara çıxır. Bununla yanaşı, AZPROMO-nun Kolumbiyanın turizm sektorunu, investisiyalarını və qeyri-ənənəvi ixracını təşviq edən PROCOLOMBIA qurumu ilə əməkdaşlıq əlaqələri vurğulanıb.
Qeyd edilib ki, bu müstəvidə tərəflər arasında məlumat mübadiləsinin aparılması və ölkələrimizdə fəaliyyət göstərən sahibkarların AZPROMO tərəfindən əlaqələndirmə işlərinə dəstəyin göstərilməsinə dair razılıq əldə olunub.