İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) E-KOB evi portalını test rejimində istifadəyə verib, növbəti ildə onun açılışı hədəflənir.
"Report" xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov "Dayaq" mükafatının təqdim olunma mərasimində bildirib.
Bundan başqa, onun sözlərinə görə, Bakı KOB Evində “KOB gömrük anbarı” təşkil olunub: "Sahibkarların idxal-ixrac əməliyyatlarının asanlaşdırılması üçün Xaçmaz rayonunun Xudat şəhərində KOB Evinin Xidmətlər Mərkəzi istifadəyə verilib. 2024-cü ildə bölgələrdə KOB Dostu şəbəkəsinin əhatə dairəsi daha da genişləndirilib".
"Bu il həmçinin, dövlət-universitet-özəl sektor əməkdaşlığı çərçivəsində KOB Model Müəssisə yaradılıb. Ölkəmizdə yeni təcrübə olan və zəruri avadanlıqlarla təchiz edilmiş Model Müəssisədə nəzəri bilikləri təcrübədə sınaqdan keçirmək, istehsal prosesində resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənmək mümkündür. Bununla yanaşı, KOB İnkişaf Mərkəzlərinin təmin etdiyi pulsuz təlim və konsaltinq xidmətləri, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış, yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək tədbirləri və s. bizneslərin inkişafı üçün sahibkarların istifadəsində olub" - deyə KOBİA sədri vurğulayıb.