İşğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi mexanizmlər tətbiq edilə bilər

Biznes
  • 18 noyabr, 2021
  • 12:47
İşğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi mexanizmlər tətbiq edilə bilər
Vüsal Qarayev

“İqtisadiyyat Nazirliyi hal-hazırda azad edilmiş ərazilərdə tətbiq ediləcək iqtisadi mexanizmləri araşdırır və xarici investisiyaların cəlbi üçün iş aparır”.

Bunu “Report”a İqtisadiyyat Nazirliyinin Ərazilərinin Bərpası və İnkişafı şöbəsinin müdir müavini Vüsal Qarayev deyib.

V.Qarayev bildirib ki, İqtisadiyyat Nazirliyi azad edilmiş ərazilərdə sənaye parkların yaradılmasında, iqtisadi canlanmanın təmin edilməsində, yerli və xarici sahibkarların dəstəklənməsi üçün iqtisadi təşviq mexanizmlərinin hazırlanmasında, ərazilərin bərpası və inkişafı üzrə dövlət qrumlarının əlaqələndirilməsində dövlət tərəfindən bu istiqamətdə yaradılmış bir neçə işçi qrupunda təmsil olunur:

“Ən əsas vəzifə orda iqtisadi canlanmanın yaradılmasıdı və ölkənin ümumi ərazilərinə reinteqrasiyasıdər. Görülmüş işlər də onu göstərir ki, Ağdam Sənaye Parkının yaradılması, o cümlədən Araz Vadisi İqtisadi Zonasının yaradılması və orda ilk rezident olaraq Rusiyaya məxsus “KamAZ” ASC-nin cəlb edilməsi azad edilmiş ərazirlərdə iqtisadiyyatın canlandırılması üçün atılan ilkin addımlardan biridir".

Onun sözlərinə görə, gələcəkdə yerli və xarici investorların cəlbi üçün bir neçə iqtisadi mexanizmlər nəzərdən keçirilə bilər: "Mütamadi olaraq, həm beynəlxalq təcrübə araşdırılır, həm də azad edilmiş ərazilərin təbii potensialı, nəqliyyat, sosial-iqtisadi potensialı araşdırılır. Həmin potensial əsasında müqayisəli üstünlüklər müəyyən edildikdən sonra artıq orda iqtisadi mexanizmlərin hansının tətbiq ediləcəyi, necə hazırlanacağı üzərində iş aparılacaq. Ona görə də hazırda ən vacib prioritet azad edilmiş ərazilərdə iqtisadi canlanmanı yaratmaqdır, çünki bu dayanıqlı məskunlaşmanı, həm dayanıqlı inkişafı təmin edilməsində ən vacib rollardan birini oynayır.

Təbii ki, şəhərsalma, quruculuq işlərinin aparılması, nəqliyyat-yol infrastrukturun qurulması da vacib rol oynayır. İqtisadiyyat Nazirliyi hazırda bunun üzərində iş aparır”.

V.Qarayev sənaye parkları ilə bağlı məsələyə də toxunub: “Sənaye parklarının təşviqi və stimullaşdırma mexanizmləri, o cümlədən qeyri-rezidentlər üçün stimullaşdırma mexanizmləri var. Xarici investisiyaların cəlbi və işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyini artırmaq üçün İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Bu istiqamətdə ikitərəfli və çoxtərəfli görüşlər keçirilir.

Həmçinin, Ağdam Sənaye Parkına potensial investorların cəlbi üçün çoxtərəfli görüşlər aparılır. Artıq Ağdam Sənaye Parkında rezident olaraq fəaliyyətlə bağlı bir sıra müraciətlər var və hal-hazırda onlar təhlil olunur”.

Xatırladaq ki, gələn il işğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat xərclənəcək. 2021-ci ilin mayın 28-i tarixində Ağdam Sənaye Parkının təməli qoyulub. Burda tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Parkda 33 müəssisə yaradılacaq, 330 iş yeri açılacaq, 110 milyon manata yaxın sərmayə qoyulacaq. Bu ilin 5 oktyabr tarixində  “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyulub. Zona 200 hektarı əhatə edir.

Son xəbərlər

Bütün Xəbər Lenti