Ağdam Sənaye Parkının rezidentlərinin sayı və investisiya dəyəri açıqlanıb

Biznes
  • 16 noyabr, 2021
  • 12:46
Ağdam Sənaye Parkının rezidentlərinin sayı və investisiya dəyəri açıqlanıb

“Yaxın vaxtlarda Ağdam Sənaye Parkında ilk rezidentlərin qəbulu həyata keçiriləcək. Hazırkı mərhələdə seçilmiş layihələrin investisiya dəyəri təqribən 20-25 milyon manat civarındadır”.

Bunu “Report”a Sumqayıt Kimya Sənaye parkının direktor müavini Elxan Şiriyev deyib.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkına 10-dan çox rezident müraciəti qeydiyyata alınıb: “Hazırda həmin rezidentlərin biznes planlarına baxılır. Bunlardan 4-ü birinci mərhələni keçiblər. Yaxın vaxtlarda Ağdam Sənaye Parkında ilk rezidentlərin qəbulu həyata keçiriləcək. İlkin mərhələdə müraciətlərin demək olar ki, hamısı yerli investorlardır. Həmin müraciətlərin arasında artıq Azərbaycanda fəaliyyət göstərən türk sahibkarları da var və onlar tikinti materiallarının istehsalı, tikintidə istifadə edilən müxtəlif materialların istehsalı, tekstil, xalçaçılıqla bağlı layihələr təqdim edib. Eyni zamanda, məişət kimyası, qida sektorunu əhatə edən layihələr də var.

Ağdam Sənaye Parkında qarışıq profilli rezidentlərin fəaliyyəti nəzərdə tutulur. Obyektiv reallıq onu deyir ki, Ağdam Sənaye Parkında daha çox tikinti materiallarının istehsalı üzrə layihələrə üstünlük veriləcək. Eyni zamanda, şəhər formalaşdıqca iş yerlərini təmin edəcək iri layihələrə, qida sektorunu əhatə edən layihələrə da getdikcə üstünlük veriləcək. Hazırkı mərhələdə seçilmiş layihələrin investisiya dəyəri təqribən 20-25 milyon manat civarındadır. Ağdam Sənaye Parkında kiçik və orta sahibkar subyektləri ilə işləməyi planlaşdırırıq. Amma iri müəssisələrin yaradılması istisna edilmir”.

E.Şiriyev deyib ki, Ağdam Sənaye Parkında 30-dan çox rezidentin qeydiyyata alınması nəzərdə tutulur: “Prosesdən aslı olaraq bu rəqəmlər dəyişə bilər, 100 milyon manatdan çox investisiya cəlbi nəzərdə tutulur”.

O əlavə edib ki, digər sənaye parklarına da mütəmadi müraciətlər daxil olur: “Həmin müraciətlər ələnir, hər bir layihələr sənaye parklarına buraxılmır. Həmin müraciətlər optimallaşdırılır. Bəzi müraciətlər var ki, maliyyə dəstəyi istəyir, eləsi də var ki, onlar əlavə biznes dairəsinin iştirakını istəyirlər”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Burada rezidentlər dövlət tərəfindən torpaq sahəsi, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla lazımi infrastrukturla təmin olunacaq. Aşağı kirayə haqqı, gəlir və əmlak vergisindən 10 il müddətinə, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiyaların gətirilməsi halında ƏDV və idxal rüsumlarının ödənilməsindən müvafiq olaraq 10 və 7 il müddətinə azad edilmə sənaye parklarının rezidentləri üçün əlavə stimul olacaq.

Sənayeləşmə prosesi mərhələli şəkildə həyata keçiriləcək. İlkin tapşırıq Ağdam şəhərinin və ona bitişik qəsəbələrin abadlaşdırılması olduğundan, təbii olaraq, ilk mərhələdə tikinti materialları istehsal edən şirkətlər parkın rezidentləri olacaq. Bundan əlavə, 5 hektar sahə tikinti materiallarının alış-verişi üçün ayrılacaq. Üstəlik, tikinti materiallarının satışı üçün yerlər ilk növbədə, park ərazisində öz istehsalını təşkil edən şirkətlərə veriləcək.

44 filmi