“Biz yüksələn iqtisadi dinamikanı vergi ödəyicilərinin sayında da müşahidə edirik”.
“Report”un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə bildirib.
“Bu ilin 9 ayında Azərbaycanda vergi ödəyicilərinin sayı 5% artıb. Qlobal səviyyədə, o cümlədən ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə bağlı biznesə verilən dəstək, eləcə də vaksinasiya beynəlxalq maliyyə qurumlarının Azərbaycanla bağlı proqnozlarına təsir edib və onlar bu il üçün iqtisadi artım proqnozlarımızı yaxşılaşdırıblar. Ümumilikdə, son 10 ildə ölkədə aparılan struktur islahatları, iqtisadiyyatın şaxələndirilməsi qeyri-neft-qaz sektorunu iqtisadiyyatın aparıcı inkişaf amilinə çevrilib, ümumi daxili məhsulun (ÜDM) tərkibində onun xüsusi çəkisi 48%-dən 70%-ə çatıb”, - deyə o, qeyd edib.