Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) növbəti dövr üçün sədri Vital do Reqo Filho da iştirak edəcək.
"Report" bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Xatırladaq ki, COP29 çərçivəsində noyabrın 14-də Bakıda təşkil olunacaq “Maliyyə, Sərmayə və Ticarət günü”ndə Hesablama Palatası və INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər?- İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçiriləcək.
“İqlim Skaneri” aləti vasitəsilə bu təşəbbüsə qoşulan 141 ölkənin Ali Audit Orqanı (AAO) iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumətin gördüyü işlərin, o cümlədən milli və beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərin icrası vəziyyətinin qiymətləndirilməsini aparıb. Dünya üzrə aparılan qiymətləndirmənin qlobal (icmallaşdırılmış) nəticələrinin COP29 çərçivəsində yuxarıda adı çəkilən tədbirdə açıqlanması nəzərdə tutulur.
Tədbirdə bir sıra ölkələrin, o cümlədən Braziliya, Kanada, Finlandiya və s. ali audit orqanlarının (AAO), həmçinin Avropa Auditorlar Məhkəməsinin və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının İnkişaf Təşəbbüsünün (IDI)-ın nümayəndələri iştirak edəcək. INTOSAI-yə hazırda rəhbərlik edən Braziliya AAO-nu - Federal Hesablama Məhkəməsini sədr müavini Vital do Reqo Filho təmsil edəcək. O, növbəti dövr üçün Braziliya AAO-nun sədri olaraq 2025-ci ilin sonuna kimi INTOSAI-a sədrlik edəcək.
“Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? - İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə xarici ölkələrin AAO-ları ilə yanaşı, tədbirdə bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s. qurumların nümayəndələrinin, habelə dövlət orqanlarının rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.