"Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda davamlı maliyyə sektorunun qurulması ilə bağlı dəstəyini davam etdirmək istəyir".
"Report" xəbər verir ki, bunu qurumun ölkə üzrə direktoru Aliyə Əzimova Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri və Biznes mühiti" mövzusunda konfransda deyib.
Bundan başqa, onun sözlərinə əlavə, dinamik və canlı özəl sektor iqtisadi inkişaf üçün vacibdir: “Şirkətlər yeni investisiya gətirir, yeni iş yerləri açır, məhsuldarlığın və səmərəliliyinin artırılmasını təşviq edir. Buna görə ölkədə qeyri-neft və əlavə dəyər yaradan sektorlarla bağlı iqtisadi və sosial artımı təmin etmək Azərbaycan üçün əhəmiyyətə malikdir. Yeni iqtisadi reallığa uyğunlaşmaq hər zaman ağrılı prosesdir. Biz bunun neft qiymətlərindəki dəyişikliklər zamanı şahidi olduq. Azərbaycan yeni artım mənbələri axtarışındadır. Buna görə əvvəlki yanaşmalar artıq keçərli deyil və ölkə yeni iqtisadi islahatlara başlayıb. Azərbaycanda özəl sektoru aparıcı qüvvəyə çevirməyə qadir yeni iqtisadi model hazırlanmaqdadır. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) olaraq bu sahələrdə biznes və tənzimləyici mühitin yaxşılaşdırılmasına, xarici investisiyaların cəlb edilməsinə və davamlı maliyyə sektorunun qurulmasına yardım etməklə Azərbaycanın öz inkişaf hədəflərinə çatmasına dəstəyimizi davam etdirmək istəyirik".