Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanı qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab olunur. Bu barədə "Report"a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, fərmana uyğun olaraq lisenziya verən dövlət orqanları tərəfindən lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması təmin edilir.
Qurumun yaydığı məlumatda deyilir ki, bununla əlaqədar dövlət rüsumu tələb olunmur.
Müddətli lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması üçün sahibkarlıq fəaliyyətini həyata keçirdiyiniz inzibati ərazi vahidinin əhatə olunduğu "ASAN xidmət" mərkəzlərinə, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar isə lisenziya verən mərkəzi icra hakimiyyəti orqanlarına müraciət (ərizəyə lisenziyanın əsli əlavə olunmaqla) edilməlidir.