Rusiyanın Həştərxan şəhərində "Xəzər Mediası. Gəncliyin ölçüsü" mövzusunda beynəlxalq forumun açılışı olub.
"Report" xəbər verir ki, forumda iştirak edən Həştərxanın qubernatoru qonaqları və iştirakçıları salamlayaraq mərasimi açıq elan edib.
O, çıxışında Böyük Vətən müharibəsində Azərbaycanın böyük roluna toxunub. Bildirib ki, Azərbaycan həm neft baxımından cəbhəyə yardım edib, həm də insanları mərdliyi ilə seçilib.
Forumda, MEDİA inkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Rusiya Federasiyasının xarici ölkələrlə mədəni əlaqələr referanti Aleksey Vlasov, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın Elektron İnkişaf nazirinin müavini Bella Çerkesova, İranın Mədəniyyət nazirinin müavini Farşad Mexdipur, Qazaxıstan Səfirliyinin siyasi şöbəsinin rəhbəri Aljan Tursunkulov çıxış ediblər.
Bu forum həmçinin ilk dəfə Belarus və Moldova nümayəndələrinin iştirakı baxımından da əlamətdar olub.
Çıxış edənlər ölkələr arasındakı dostluq əlaqələrinin media vasitəsilə inkişafının önəmindən danışıblar. Həmçinin, belə tədbirlərin jurnalistlər üçün bir fürsət olduğunu qeyd ediblər.
Forum sabah işini davam etdirəcək.