Gəlir və xərc uçotu aparmayan mikro sahibkarlar 20 % gəlir vergisi ödəyəcək

Gəlir və xərc uçotu aparmayan mikro sahibkarlar 20 % gəlir vergisi ödəyəcək Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu ildən Azərbaycanda mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azadolması yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq ediləcə
Biznes
18 Yanvar , 2022 16:47
Gəlir və xərc uçotu aparmayan mikro sahibkarlar 20 % gəlir vergisi ödəyəcək

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu ildən Azərbaycanda mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azadolması yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq ediləcək.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Beləliklə, gəlir və xərclərinin uçotunu aparmayan mikro sahibkarlar 20% gəlir vergisi ödəyəcək.

“Məlum olduğu kimi, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin (fərdi sahibkarların) sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi mənfəət (gəlir) vergisindən azaddır. “Kölgə iqtisadiyyatı”nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin güzəştin bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan və şəffaf şəkildə fəaliyyət göstərən vergi ödəyicilərinə şamil edilməsi nəzərdə tutulur. Belə ki, vergi ödəyicilərinin fəaliyyəti üzrə uçot intizamının təmin olunması vergi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və malın (işin, xidmətin) təqdim olunması üzrə uçot intizamını pozan vergi ödəyicilərinə münasibətdə cəza tədbirləri sərtləşdirilir.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, uçot intizamını pozmaqla gəlirlərini gizlədən və vergidən yayınan vergi ödəyicilərinin belə güzəştlərdən istifadə etməsi intizamlı vergi ödəyicilərinə münasibətdə ədalətsiz rəqabət mühiti yaradır. Bu səbəbdən həmin dəyişiklik son illər ərzində uçotun şəffaflaşdırılması ilə bağlı həyata keçirilən vergi siyasətinin ümumi prinsipləri baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi