Nazirlər Kabineti rəqabət komissiyasının yaradılması, tərkibi, fəaliyyət qaydaları, işlərə baxılması və qərarların qəbul edilməsi ilə bağlı qaydaları təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydalara əsasən, rəqabət komissiyasının tərkibi ən azı 5 nəfərdən ibarət olmalıdır. Komissiya sədrliyinə rəqabət orqanının rəhbərinin müavini, müşaviri, aparat rəhbəri və onun müavini, şöbə və ya sektor müdirləri, regional bölmə rəhbərləri, həmçinin bu vəzifələri əvəz edən digər şəxslər təyin edilə bilər. Komissiyanın üzvləri rəqabət orqanının vəzifəli şəxslərindən ibarət olacaq.
Komissiyanın vəzifələrinə rəqabət işləri üzrə hərtərəfli və obyektiv araşdırma aparmaq; qanunvericiliyə uyğun qərarlar qəbul etmək və onların icrasına nəzarət etmək; insan və vətəndaş hüquqlarının qorunmasını təmin etmək; qanunla qadağan edilən kommersiya, vergi, gömrük, bank və statistik məlumatların qorunması üçün tədbirlər görmək; qəbul edilən qərarlarla bağlı izahat vermək daxildir.
Komissiyanın yaradılması haqqında əmr verildiyi andan etibarən 5 iş günü ərzində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə işin qaldırılması barədə qərar qəbul edilir. Bu qərar komissiyanın sədri tərəfindən imzalanır və 5 iş günü ərzində işin tərəflərinə təqdim olunur. Tərəflərə öz mövqelərini əsaslandırmaq, etirazlarını və sübutlarını təqdim etmək üçün 10 iş günündən az olmayan müddət verilir.
Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işlər üzrə komissiya Rəqabət Məcəlləsinin 66-cı maddəsinə uyğun qərarlar qəbul edir. Buraya işə baxılmanın təxirə salınması və ya dayandırılması; işlərin birləşdirilməsi və ya ayrılması; pozuntular və tətbiq edilən məsuliyyət tədbirləri barədə qərarlar; işin aidiyyəti dövlət orqanlarına göndərilməsi; işə yenidən baxılması daxildir.
Maraqlı şəxslər hüquq və mənafelərini müdafiə etmək məqsədilə rəqabət orqanının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərlər. Lakin şikayət verilən hallar istisna olmaqla, həmin qərarların icrası dayandırılmır.