Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) üzrə məqsədlərinə nail olmaq Azərbaycan üçün mümkündür.
"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.
Onun sözlərinə görə, bu, çətin, lakin əldə edilə bilən bir məqsəddir: "NDC hədəflərinə nail olmaq Azərbaycanı xalis sıfır karbon emissiyasına aparacaq. Ancaq bu məqsədə nail olmaq üçün əlavə səylər tələb olunacaq. 2060-cı ilə qədər xalis sıfır karbon hədəfinə nail olmaq üçün enerji sektorunda əhəmiyyətli dəyişikliklər vacibdir. Məsələn, istehsal olunan enerjinin 90 %-dən çoxunun bərpa olunan enerjidən əldə edilməsi nəqliyyat və istilik sahələrində genişmiqyaslı elektrikləşdirmə üçün mühümdür. Karbonsuzlaşdırılması çətin olan sektorlarda hidrogendən istifadə kimi texnologiyaların tətbiqi də mühüm əhəmiyyət kəsb edir".
Dünya Bankının rəsmisi qeyd edib ki, xərclər və görülməli işlər barədə danışarkən karbonsuzlaşmanın imkanlarına da toxunmaq vacibdir: "Təbii qaz və hidrogen kimi təmiz enerji ixracat potensialı artacaq. Dünyanın karbonsuzlaşdığı bir vaxtda bu kiçik fürsətdən yararlanmaq, təbii qazın ixracından əldə olunan gəlirləri ölkə daxilində investisiyalara yönəltmək Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu proses bizim hesabatımızda göstərildiyi kimi hökumətin vahid yanaşması ilə həll edilməlidir. Həmçinin tək Azərbaycan yox, digər ölkələr də bu yanaşmadan istifadə etməlidir".