Bu il KOB inkişafı mərkəzlərinin ödənişsiz təlimlərindən, məsləhət və mentorluq xidmətlərindən 10 mindən çox insan faydalanıb.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da deyib.
Onun sözlərinə görə, sahibkarların və startapların yeni iqtisadi mühitə uyğunlaşması, fəaliyyətlərində müasir texnologiyalardan yetərincə istifadə etməsi üçün onların kadr potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması prioritet istiqamətlərdəndir.
"Azərbaycanın müxtəlif şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara ödənişsiz təlimlər keçirilir, məsləhət və mentorluq xidmətləri göstərilir. 2024-cü il ərzində KOB inkişafı mərkəzlərinin bu xidmətlərindən faydalanlarının sayı 10 mindən çoxdur", - O. Məmmədov qeyd edib.