2021-ci ildə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya 35-dən çox dövlət qurumu, 16 fəaliyyət planı çərçivəsində 585 tədbir həyata keçirib.
Bu barədə "Report"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Bundan başqa, məlumata görə, ötən il 20-dən artıq normativ hüquqi akt qəbul olunub, elektron xidmətlər təkmilləşdirilib və biznes mühitinin əlverişliliyi artırılıb.
Hesabat tədbirində icrası başa çatdırılmamış tədbirlər və monitorinq qruplarının tövsiyyə etdiyi digər müvafiq tədbirlərin 2022-ci ilin fəaliyyət planlarına salınması məsələləri müzakirə edilib. Eyni zamanda, əsas icraçı və digər icraçı qurumlar arasında koordinasiyanın səmərəliliyinin artırılması, işçi qrupların üzvləri arasında kommunikasiyanın daha da gücləndirilməsi vurğulanıb. Müzakirə zamanı qeyd edilib ki, Dünya Bankı Qrupunun yeni “Əlverişli biznes mühiti (Business Enabling Environment)” layihəsi üzrə müvafiq sahələrdə ilkin diaqnostikanın aparılması və zəruri tədbirlərin müəyyənləşdirilərək Komissiyanın aidiyyəti işçi qruplarının 2022-ci il üzrə fəaliyyət planları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına, dövlət-biznes dialoqunun rəqəmsal platforma üzərində təşkilinə xidmət edən kompleks tədbirlər müzakirə edilib. Tədbirdə müxtəlif dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak edib.