Birol Küle: "Xarici şirkətlər öz ölkələrindəki normalara başqa bazarlarda əməl etmirlər"

Biznes
  • 13 iyun, 2026
  • 11:03
Birol Küle: Xarici şirkətlər öz ölkələrindəki normalara başqa bazarlarda əməl etmirlər

Xarici investisiyaların ölkəyə cəlb olunması əhəmiyyətli olsa da, bazardakı bütün iştirakçılar üçün bərabər şərtlərin və eyni qaydaların tətbiqinin təmin edilməsi zəruridir.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Rəqabət Qurumunun sədri Birol Küle "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil edilən "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusunda panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, rəqabət orqanlarının həyata keçirdiyi araşdırmalar və sahə hesabatları bəzi xarici şirkətlərin müxtəlif ölkələrdə fərqli davranış nümunələri nümayiş etdirdiyini üzə çıxarır:

"Biz müşahidə edirik ki, bəzi xarici investisiya şirkətləri öz ölkələrində ciddi şəkildə əməl etdikləri qaydalara bizim ölkələrimizdə eyni səviyyədə riayət etmirlər. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Xarici investisiyalar iqtisadi inkişaf baxımından mühüm rol oynasa da, bazarda ədalətli rəqabət mühitinin qorunması əsas prioritet olaraq qalmalıdır".

44 - Tezliklə