Bakıda yeni tikililərin birinci və sonuncu mərtəbəsindən mənzil almaq sərfəlidirmi?

Bakıda yeni tikililərin birinci və sonuncu mərtəbəsindən mənzil almaq sərfəlidirmi? Bakıda insanlar yeni tikili binaların birinci və sonuncu mərtəbəsindən mənzil almağa ehtiyat edirlər.
Biznes
8 Avqust , 2023 14:34
Bakıda yeni tikililərin birinci və sonuncu mərtəbəsindən mənzil almaq sərfəlidirmi?

Bakıda insanlar yeni tikili binaların birinci və sonuncu mərtəbəsindən mənzil almağa ehtiyat edirlər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Report”a açıqlamasında bunun səbəblərindən danışıb:

“Yeni tikili binanın sonuncu mərtəbəsinin üzərində müxtəlif konstruksiyalı örtüklər salınmayıbsa və köhnə binalarda olduğu mənzilin daxilinə isti və soyuq havanın keçməsi ehtimalı çoxdursa, o mərtəbədəki mənzil digər mərtəbədəkilərə nisbətən ucuz olur. Sonuncu mərtəbədəki mənzilin tavanı sahibinin öz təşəbbüsü ilə xüsusi materiallarla təcrid edilibsə və isti və soyuq keçirmirsə, onun qiymətinin yüksək olmaq ehtimalı var. Amma belə hallar çox azdır. Odur ki, əksər hallarda yeni tikililərin birinci və sonuncu mərtəbəsi arzuedilən olmur. Amma vətəndaşlarımız mənzil alarkən onun eyvanından görünən mənzərəyə də diqqət edirlər. Bu baxımdan yüksək mərtəbələrə də önəm verilir. Əksər mənzərəli binalarda yüksək mərtəbələr aşağılardan daha baha satılır”.

O, qeyd edib ki, yeni tikililərdə birinci mərtəbə qeyri-yaşayış sahəsi olduğuna görə, onun üstündəki mərtəbədən mənzil almaq çox da əlverişli olmur:

“Həmin mənzil ümumi həyətə yaxın olur, nəticədə içəri səs çox keçir və mənzərəyə çıxışı olmur. Bu da qiyməti azaldır. Yeni tikili binaların son mərtəbəsi əsasən texniki mərtəbə kimi inşa edilir. Bu mərtəbədə binanın zəruri elektrik, su və digər təminatının həlli üçün avadanlıqlar yerləşdirilir, yaxud hansısa kiçik qurğular qoyulur, otaqlar olur. Texniki mərtəbə ondan aşağıdakı mərtəbənin qorunmasına xidmət edir.

 Vüqar Oruc
Vüqar Oruc

Mansard sahəsinin tikintisində konstruksiya digər mərtəbələrdən fərqlənir. Tavanın yerləşməsində daha yüngül konstruksiya olur. Bəzən örtüklər taxtadan olur və təhükəsizlik baxımından əlverişli hesab edilmir. Bu mənzillərin hündürlüyü digərlərindən aşağı olur. Bəzi hallarda mansardın künc hissəsində qövsvarı əyrilik olur. Bu da onu ucuz edir. Vətəndaşlara mansard mənzil almağı tövsiyə etmirik. Bir çox binalarda mansard qeyri-yaşayış sahəsi olduğu üçün obyekt kimi istifadə edilir. Digər tərəfdən, mansarda lift də qalxmır. Köhnə binalara aid olan isti və soyuğun mənzilin daxilinə keçməsi halı burda da müşahidə edildiyindən onun qiyməti aşağı olur. Amma mansard və ya texniki mərtəbədən aşağıda yerləşən ən hündür mərtəbə arzuolunandır və yüksək qiymətə satılır”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib ki, yeni tikililərdə 90 % hallarda yaşayış sahəsinin birinci mərtəbəsi 3-cü və ya 4-cü mərtəbədən başlayır:

“1-ci və 2-ci mərtəbələrdə əksər hallarda qeyri-yaşayış obyektləri olur. Amma bəzi binalarda birinci və ikinci mərtəbə qeyri-yaşayış obyekti kimi tikilsə də, uzun müddət fəaliyyət göstərmir. Belə olanda həmin mərtəbədə soyuqluq və rütubət yaranır ki, bu da yaşayış sahəsinin birinci mərtəbəsinə təsir edir.

Yaxud birinci mərtəbədə kafe və ya restoran olanda oradan müxtəlif qoxular və ya səs-küy yuxarı mərtəbəyə qalxır. Həm də işıqlanma, günəş şüasının düşməsi və mənzərə baxımından da yeni tikili binalarda daha çox orta mərtəbələrə üstünlük verilir. Amma bəzi yeni tikili binaların birinci mərtəbəsi qeyri-yaşayış sahəsi üçün yaramır. Bunlar şəhərdən kənar hissələrdə olur. Burda yaşayış sahəsi elə birinci mərtəbədən başlayır. Amma yeni tikili binaların zirzəmisi olur və bu zirzəmilər avtopark və ya digər təyinatla fəaliyyət göstərdiyinə görə köhnə binalardakı kimi burda rütubət olmur.

Elnur Fərzəliyev
Elnur Fərzəliyev

Amma ümumən kapitallaşma baxımından alıcı kütləsi bazarda orta mərtəbələrə daha çox üstünlük verir. Ona görə də əmlak alanlar maddi durumu imkan verirsə, maksimum çalışır ki, mənzili tək yaşamaq üçün deyil, həm də kapital kimi elə yerdən alsın ki, onu nə vaxtsa satıb pula çevirmək rahat olsun. Birinci mərtəbələrə üz tutanların çoxu yaşlı adamlar olur. Onlar liftə minməyə qorxur və ya gələcəkdə lift işləməz deyə birinci mərtəbədən mənzil alırlar”.

E.Fərzəliyev qeyd edib ki, fərdi yaşayış evlərində yaşayan adamlar yeni tikili binaya köçmək istəyəndə maksimum çalışırlar ki, aşağı mərtəbədən ev alsınlar: "Çünki yüksək mərtəbələrə öyrəşməyiblər. Alıcılar maksimum çalışır ki, yeni tikili binalarda 12-ci mərtəbədən yuxarıda mənzil almasınlar. Xarici ölkələrdə mərtəbə nə qədər yuxarı olsa, mənzil də o qədər baha olur. Burda havanın təmizliyi və digər ekoloji amillər önəm kəsb edir. Bu mərtəbələrdəki mənzillərin işıqlanması və mənzərəsi də yaxşı olur.

Bizdə isə insanlar düşünür ki, bəlkə nə vaxtsa binada lift işləməz və ya suyun verilməsində problem olar. Belə neqativ hallarla üzləşən insanlar maksimum çalışırlar ki, gələcəkdə onları yenidən yaşamasınlar. Nəticədə yenə liftə nəzarət edən, suyu verən eyni qurumdur və insanlar gələcəkdə bu binalar köhnələndən sonra bu cür problemləri yaşamaqdan qorxaraq aşağı mərtəbələrə üz tuturlar".

Onun sözlərinə görə, Bakıda bəzi binaların yuxarı mərtəbələrində mənzillər orta mərtəbələrdəkindən baha olur: "Bu, binadan və şirkətin brend olmasından asılıdır. Bəzi tikinti şirkətlərinin kontingenti imkanlı şəxslər olur. Ona görə də onlar bina tikərkən hər xırdalığı düşünürlər. Bəzi şirkətlər bilir ki, yuxarı mərtəbədəki mənzillər gec və ucuz satılır, binanı elə formada tikirlər ki, mənzərə baxımından yuxarı mərtəbələrin alıcıları daha çox olur”.

Son xəbərlər

Orphus sistemi